AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahiyyat İnstitutunda “İstiqlal Savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans öz işinə başlayıb

  • + A
  • - A
  • 3-07-2021, 16:19


    Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı ilə “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans öz işinə başlayıb.
    Tədbirdə Azərbaycan Respublikası və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib. Daha sonra 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqi ilə qonaqları və konfrans iştirakçılarını salamladıqdan sonra, 44 günlük Vətən müharibəsində şəhid olanları yad edib, qazilərə Allahdan şəfa diləyib.
    Nəsib bəy Yusifbəylinin həyatını xalqına həsr edən şəxsiyyət olduğunu vurğulayan rektor onun qısa ömür yaşamasına baxmayaraq, böyük xidmətlər göstərdiyini qeyd edib. Yaşadığı və fəaliyyət göstərdiyi dövrdə daim Azərbaycanın mədəniyyəti, inkişafı yolunda dayanmadan fəaliyyət göstərib.
    A.Şirinov ümumtürk kontekstində düşünən və hər zaman ictimai fəaliyyətində bunu əks etdirən Nəsib bəy Yusifbəylinin Türkiyədəki fəaliyyətini də yüksək qiymətləndirib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonrakı dövrdə N.Yusifbəylinin fəaliyyətindən bəhs edən rektor onun hökumətdə vəzifə tutduğu dönəmlərdə xalqın maarifləndirilməsi, savadlanması yolunda xidmətlərinin danılmaz olduğunu vurğulayıb.

    Azərbaycan “Türk Ocağı”nın başqanı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı məruzə üçün söz alıb. Qonaqları salamalayaraq, konfransda iştirak etdiklərinə görə hər kəsə təşəkkürünü bildirib. O, Azərbaycan tarixinin Milli Azadlıq Hərəkatında N.Yusifbəylinin oynadığı rolu xüsusi qeyd edib. N.Yusifbəylinin Xalq Cümhuriyyətinin başlıca simalarından biri olduğunu vurğulayan Akif Aşırlı onun Baş nazir və maarif naziri olduğu dönəmlərdəki fəaliyyətini yüksək qiymətləndirib.
    Məruzəçi Nəsib bəy Yusifbəyliyə olan mənəvi borcun qismən yerinə yetirilməsi üçün təşkil olunan konfransın fəaliyyətinə uğurlar arzulayıb.

    Çıxış üçün söz Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçıya verilib.
    Cənab səfir qonaqları salamladıqdan sonra, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykəndiyini və bu əlaqələrin yalnız elm, təhsil, mədəniyyət deyil, bütün sahələrdə gücləndirilərək davam edəcəyini qeyd edib.
    Səfir Nəsib bəy Yusifbəylinin, xüsusilə Xalq Cümhuriyyəti dövründə 100 tələbənin xaricdə təhsil alması üçün gördüyü işlərdən, maarif naziri kimi fəaliyyət göstərdiyi dönəmdəki yüksək fəaliyyətindən bəhs edib.
    Daha sonra Türk Ocaqlarının genel başqanı, professor Mehmet Öz konfransa onlayn formatda qoşularaq, tədbir iştirakçılarını salamlayıb. Türk Ocaqlarının qurulması, bu dönəmdə xidmətləri olmuş şəxsiyyətlərin fəaliyyətinə xüsusi toxunub. O, Nəsib bəy Yusifbəylinin xidmətlərini yüksək dəyərləndirib, onun Türkiyədəki fəaliyyətini, xüsusilə gənclərin maariflənməsi, savadlanması yolunda göstərdiyi danılmaz xidmətləri vurğulayıb.
    Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa çıxış edib. Azərbaycan istiqlal tarixində xüsusi rolu olan Nəsib bəy Yusifbəyli şəxsiyyətinə həsr olunan konfransı yüksək qiymətləndirib, təşkilatçılara xüsusi təşəkkürünü bildirib.
    Yusifbəyli şəxsiyyətinin Azərbaycan tarixindəki xidmətlərini yüksək qiymətləndirən millət vəkili, xüsusilə onun faciəvi ölümü ilə bağlı məsələlərin tarixçilər tərəfindən öyrənilməsinin zəruriliyini qeyd edib. Həmçinin “Difai” təşkilatının yaranmasında N.Yusifbəylinin rolunun, o cümlədən İsmayıl bəy Qaspralı ilə olan münasibətlərinin araşdırılmasının vacbliyini nəzərə çatdırıb.
    [center]

    Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edib. Millət vəkili çıxışında Nəsib bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətindən ətraflı söz açıb. Onun fəaliyyət göstərdiyi dövrdə Bakı Dövlət Universitetinin yaranması, yüzlərlə tələbənin xaricdə təhsil alması üçün səy göstərməsi, hökumət işçiləri arasında milli kadrların yerləşdirilməsi, həmçinin ana dili ilə bağlı bir sıra məsələlərin öz həllini tapdığını qeyd edib. Xüsusilə, Nəsib bəy Yusifbəylinin atasının ona yazdığı məktubundakı əsas amillərə toxunaraq, özünü xalqına və millətinə həsr etmiş şəxsiyyətə həsr olunmuş konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
    Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram da konfransa onlayn formatda qoşularaq, tədbir iştirakçılarını salamlayıb. Nəsib bəy Yusifbəylinin faciəvi sonluqla nəticələnən həyatından geniş bəhs edib. Onun Cümhuriyyət dövründəki fəaliyyətini qeyd edərək, milli şüurun formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
    Daha sonra konfrans öz işini panellərlə davam etdirib. Elmi konfransda Azərbaycanın, eləcə də Türkiyənin ali təhsil müəssisələrinin professor və alimləri iştirak ediblər.
    Qeyd edək ki, mövcud pandemiya şəraiti ilə bağlı olaraq Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə təşkil olunmuş “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans xüsusilə qaydalar gözlənilməklə, həm ənənəvi, həm də “ZOOM” proqramı vasitəsilə onlayn formatda təşkil olunub.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR