AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DQİDK sədri Xristian Liderlər Konqresinin prezidenti ilə görüşüb

  • + A
  • - A
  • 18-09-2021, 09:27


    Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xristian Liderlər Konqresinin prezidenti, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının keçmiş müvəkkili Conni Murla görüşüb.

    Qonağı salamlayan Dövlət Komitəsinin sədri ölkəmizdə multikultural, tolerant ənənələrə verilən dəyər və dinlərarası harmoniya haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 37 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran Komitə rəsmisi İslam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

    Söhbət zamanı ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının bu yaxınlarda yaydığı arayışa da toxunan Mübariz Qurbanlı sənəddə heç bir fakta söykənməyən qərəzli mövqe sərgiləndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz şanlı qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. İşğal dövründə Ermənistanın torpaqlarımızda etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması barədə faktların sözügedən arayışda yer almaması ilə yanaşı, əsassız iddiaların irəli sürülməsi təəssüf doğurur. DQİDK sədri hesabatların daha obyektiv və dürüst tərtib edilməsi, real vəziyyətlə tanış olmaları üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının üzvlərinin ölkəmizə səfər etmələrinin zəruriliyinə də toxunub.

    Səmimi qəbula görə təşəkkürünü bildirən Xristian Liderlər Konqresinin prezidenti Conni Mur ölkəmizə səfəri çərçivəsində Cəbrayılda olarkən erməni vandalizminin acı nəticələrini, dağıntıları öz gözləri ilə gördüyünü və bu mənzərədən dəhşətə gəldiyini bildirib. O, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini sevinclə qarşıladığını deyib. Ölkəmizə səfərləri zamanı daim xalqımızın yüksək tolerant və multikultural mənəviyyatının, cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühitinin canlı şahidi olduğunu diqqətə çatdıran qonaq Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının üzvləri ilə görüşdüyünü bildirərək dini konfensiyyalara göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edib. C.Mur ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının müvəkkili olarkən ölkəmizdə şahid olduğu reallıqların, faktların hesabatlarda yer almasına daim səy göstərdiyini, ölkəmizdə dini azadlıqların pozulması barədə rəy ilə razı olmayaraq öz qeyd-şərhini rəsmi formada dərc etdirdiyini vurğulayıb.

    Görüşün sonunda qonağa ölkəmizdəki dini tolerantlıq mühiti özündə əks etdirən xatirə hədiyyəsi təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR