Dünən İmişlidən olan 11 yaşlı qızcığazın başına gələnlər hamımızı üzdü. İnanıram ki, əlaqədar qurumlar hərəkətə keçəcək, fəaliyyətlərini daha aktiv fazada yerinə yetirməyə çalışacaqlar ki, bir də vətəndaş olaraq belə utanc və təəssüf hissləri yaşamayaq. Bu fikirləri 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Azadmedia.az-ın İmişlidən olan 11 yaşlı qızın dünyaya uşaq gətirməsilə bağlı sorğusuna cavab olaraq bildirib. M.Məmmədov deyib ki, millət vəkili olmadan əvvəl də bir vətəndaş kimi həmişə erkən nigahların əleyhinə olmuşam" 'Mən özüm cənub zonasındanam. Tarixən bizim zona erkən nigaha meyilli zona olub. Masallıda İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə maarifləndirici, profilaktik tədbirlər keçirir. Vaxt olduqca mən də bu tədbirlərə qatılıram. Ailələrə, yuxarı sinif şagirdlərinə erkən nigahın zərərli tərəfləri aşılanır".
Deputatla söhbət zamanı öyrəndik ki, Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə Masallı Təhsil Fondu yaradılıb. 10-11-ci sinifdə oxuyan qızlar lazımi vəsaitlərlə təmin olunur, ali məktəbə daxil olduqdan sonra isə qızların kirayə, əgər ödənişli ali məktəbə qəbul olubsa, təhsil haqları Masallı Təhsil Fondu tərəfindən qarşılanır. Məşhur müəllim hesab edir ki, bu xeyirxah əməli ilə həm erkən nikahların qarşısını almış olur, həm "imkan yoxdu" bəhanəsiylə və səbəbilə qızlarını oxutdurmaq istəməyən valideynlərə dəstək olur, həm də tələbə olub imkansızlıqdan işləmək fikrinə düşən qızların yalnız dərslərilə məşğul olmasına çalışır.
Millət vəkili sonda qeyd etdi ki, hər kəs bacardığı qədər erkən nikaha, qızların təcavüzünə gətirib çıxaran hadisələrin qarşısının alınmasına maddi, yaxud mənəvi dəstəklə öz töhfəsini verməlidir. Himayəsində qız övladı olan tənha analar ikinci dəfə ailə qurmaq istəyərkən diqqətli və məsuliyyətli olmalıdırlar. Ərazi nümayəndələri məktəblə birgə problemli ailələri həmişə diqqətdə saxlamalı, məktəbə davamiyyət müntəzəm yoxlanmalı, sinif rəhbərləri şagirdlərinin dərslərdə iştirak etməməsinin səbəbini bilməlidirlər. Valideynlər övladları ilə ən yaxın dost kimi davranıb həmişə övladlarını diqqətdə saxlamalıdırlar ki, uşaqlar başlarına gələn yaxşı və pis hadisələri ilk əvvəl yaxın dostları - anaları ilə bölüşsün.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.