İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə əməkdaşlığı çərçivəsində “Humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi icra olunub.
Layihə çərçivəsində 1 və 2 noyabr Göygöl rayon, 4 və 5 noyabr tarixlərində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və tətbiqi üzrə təlim təşkil olunub.
UNFPA tərəfindən təyin olunan təlimçilərin apardığı təlimlərdə sözügedən xəstəxanaların rəhbərlərinin müavinləri, ginekoloqları və təcili tibbi yardım şöbəsinin həkimləri iştirak ediblər.
Təlimin ilk günündə şərti olaraq baş vermiş fövqəladə hadisə zamanı zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilib. Praktik məşğələnin keçirilməsində məqsəd tibb işçilərinin fövqəladə hallar zamanı fəaliyyətini daha da stimullaşdırmaq, bilik və təcrübələrini təkmilləşdirmək olub. Təlimin ikinci günündə isə göstərilən tibbi yardımlar ətrafında müzakirələr aparılıb və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.
Qeyd edək ki, “Humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsinin məqsədi təbii fəlakətlərə və digər fövqəladə hadisələrə hazırlıq, həmin hadisələr zamanı fəsadların yüngülləşdirilməsi və fəlakətlərdən sonra tələb olunan bərpa işlərinin idarə olunması istiqamətində milli potensialın artırılmasını təmin etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.