“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 8-də “AZLİNG 2022 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AZƏRTAC İctimai Birliyin saytına istinadla xəbər verir ki, Neftçala rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq konfransın əsas məqsədi müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, Azərbaycan dilinin xaricdə tədrisi məsələlərinə diqqət çəkmək, eyni zamanda, gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır.
Konfransda 70-ə yaxın yerli və xarici dilçi alimin iştirakı gözlənilir. Konfransda iştirak üçün abstraktların qəbulu sentyabrın 25-nə qədər davam edəcək, 30 sentyabrda abstraktların seçimi başa çatacaq. Tədbirdə müasir dilçilik cərəyanları və Azərbaycan dilinin tədqiqi, Azərbaycan dilinin beynəlxalq tədrisi, dil dərsliklərinə konseptual yanaşmalar və dil məsələləri, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi məsələləri, Azərbaycan dili və koqnitiv dilçilik və digər mövzularda məruzələr dinləniləcək, təqdimatlar olacaq.
Qeyd edək ki, konfrans Neftçala rayonundan olan bir qrup dilçi alimin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq təşkil ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.