Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya növbəti dövrdə fəaliyyət üçün yeni seçkilər keçirilib, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.
"Yaşıl dünya naminə həmrəylik" ilində, həmçinin dünyada iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına yönələn mötəbər COP 29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi bu ildə ətraf mühitin mühafizəsi məsələləri diqqət mərkəzində olduğundan, ETSN yanında İctimai Şuranın göstərəcəyi fəaliyyətlər, bu gün prioritet olan ekoloji siyasət xəttinə veriləcək töhfələr ictimaiyyət üçün də olduqca maraqlıdır.
Bəs yeni tərkibdə vətəndaş cəmiyyətini təmsil edəcək nümayəndələr kimlərdir? Bununla bağlı araşdırma apardıq.
Əvvəla onu deyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura institutu yaranandan bu yana ilk dəfədir ki, demək olar ki, tam ekoloji profil üzrə QHT-lərdən ibarət tərkib formalaşıb. Bu, gözlənilməz yenilik hesab oluna bilər. Ümumiyyətlə, mərkəzi icra hakimiyyətləri içərisində belə nəticə ilk dəfədir müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, COP29 ilində Nazirlik yanında Şurada ictimai nəzarəti həyata keçirəcək ekoloji yönümlü QHT korpusu peşəkarlardan ibarət olacaq. Beləliklə, onlardan ictimai gözləntilər də çoxdur.
Beləliklə, yeni heyət tam profil - sahə üzrə peşəkarlardan ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni üzvlərinin belə yüksək səviyyəsi ümidləri artırır ki, nəhayət ki, İctimai Şuralar ölkədə ictimai iştirakçılıq sahəsinə layiqli töhfələr verə bilsin. Təəssüf ki, əksər qurumlarda İctimai Şuraların tərkibi və fəaliyyəti çox problemlidir. Cəmiyyət həyatında heç bir nüfuzu olmayan şəxslər həmin şuralarda təmsil olunub.
QHT.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.