İstanbulda qadınlara qarşı zorakılığa etiraz aksiyaları qadağan edilib

İstanbul hakimiyyəti BMT tərəfindən təsis edilmiş Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirilməsi planlaşdırılan etiraz aksiyalarını qadağan edib.
DPA agentliyinin məlumatına görə, bir neçə qadın hüquqları təşkilatı şəhərin Avropa hissəsində yerləşən Bəyoğlu rayonunda axşam saatlarında nümayiş keçirməyə çağırış edib.
Buna cavab olaraq rayon administrasiyası 24 saat müddətinə bütün toplantı və nümayişləri, mətbuat konfranslarını, vərəqələrin paylanmasını və oturaq aksiyaları qadağan edib.
Qadağanın tətbiqi planlaşdırılan tədbirlərin “ictimai asayişi və sosial harmoniyanı poza biləcək hərəkətlərə səbəb ola biləcəyi” ilə əsaslandırılıb.
“Femisidə son qoyacağıq” (We Will Stop Femicides) platformasının məlumatına görə, ötən il Türkiyədə kişilər tərəfindən azı 294 qadın öldürülüb. Qətllərin əksəriyyətində odlu silahlardan istifadə olunub, bir çox hadisə isə qadınların öz evlərində baş verib.
Təşkilat odlu silahların əldə edilməsinə nəzarətin gücləndirilməsini və qadınların ölümünün səbəbləri aydın olmayan hallarla bağlı müstəqil araşdırmaların aparılmasını tələb edir. Hüquq müdafiəçiləri bildirirlər ki, belə ölümlər bəzən tələsik şəkildə intihar və ya bədbəxt hadisə kimi rəsmiləşdirilir.
Xatırladaq ki, Türkiyə 2021-ci ildə qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizəni nəzərdə tutan Avropa Şurasının İstanbul Konvensiyasından çıxıb. Bu qərar ölkədə kütləvi etirazlara səbəb olmuşdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin vaxt konvensiyanın ölkənin sosial və ailə dəyərlərinə zidd olduğunu bildirmişdi.
Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü ilə bağlı çıxışında Ərdoğan qadınlara siyasi baxışlarına, dini inanclarına, müqəddəs hesab etdikləri dəyərlərə, həyat tərzinə və geyimlərinə görə psixoloji təzyiq göstərilməsini də zorakılıq forması adlandırıb.
O, həmçinin gender fərqlərinin aradan qaldırılması siyasətini zorakılığın bir forması kimi xarakterizə edərək, bunun son dövrlərdə “qlobal təlqinə” çevrildiyini iddia edib.
Ərdoğanın bu açıqlamaları Türkiyə hakimiyyətinin müxtəlif seksual oriyentasiyaları və gender kimliklərini tanıyan bərabərlik yanaşmalarına mənfi münasibətini bir daha nümayiş etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.