ABŞ-da iyunun 25-dən bəri davam edən anomal istilər Vaşinqton və Oreqon ştatlarında 76 nəfərin ölümünə səbəb olub.
Azadmedia.az "The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, istidən ölənlərin ümumi sayını hələlik dəqiq hesablamaq mümkün olmasa da, xəstəxanalara yerləşdirilənlərin sayı yüzlərlədir. Təkcə Oreqon ştatında anomal istilərin təsirindən 63 nəfər həyatını itirib. Müqayisə üçün deyək ki, 2017-2019-cu illər arasında ştatda bu səbəbdən cəmi 12 ölüm faktı qeydə alınmışdı.
Portlend şəhərində və əyalətin digər yaşayış məntəqələrində həftə ərzində temperatur 46 dərəcəyə qədər yüksəlib. Oreqon ştatının səhiyyə departamenti anomal istilərlə əlaqədar təcili yardım stansiyasına 506 çağırışın daxil olduğunu bildirib. Ölüm halları və xəsarətlərlə bağlı məlumatlar yeniləndiyi üçün statistikanın artacağı gözlənilir.
Qonşu Vaşinqton ştatında temperatur nisbətən aşağı olsa da, burada istilər 13 nəfərin həyatına son qoyub. Ştatın tibb idarəsi isti hava şəraiti ilə bağlı 1648 nəfərin müraciət etdiyini və onlardan 358-nin xəstəxanalarda müalicə aldığını deyib.
ABŞ Milli Meteorologiya Xidməti ölkənin qərb sahillərini təsiri altına alan anormal istilərin azı bir neçə gün davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.