AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşada ikili standartların ifşası - Azərbaycandan Qərb dairələrinə dürüstlük dərsi - ŞƏRH

  • + A
  • - A
  • Bu gün, 16:40

    Şuşada ikili standartların ifşası - Azərbaycandan Qərb dairələrinə dürüstlük dərsi - ŞƏRH


    Müasir dünyada liderlərin, dövlət və hökumət başçılarının qlobal mesajları hansı məkandan ötürməsi xüsusi əhəmiyyət və strateji məna kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin "IV Şuşa Qlobal Media Forumu"nun açılışındakı çıxışına və xarici media nümayəndələrinin suallarına verdiyi cavablara da məhz bu prizmadan yanaşmaq lazımdır.

    Prezidentin çıxışı və cavabları dünyada qlobal nizamın yenidən qurulduğu bir dövrdə rəsmi Bakının xarici siyasət doktrinasının nümayişi kimi qiymətləndirilməlidir. Elə tədbirin Şuşada keçirilməsi də 44 günlük Vətən müharibəsi, 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonra yaranmış status-kvonu beynəlxalq müstəviyə daşınmasından, artıq hər kəs tərəfindən reallıq kimi qəbul edilməsindən xəbər verir.

    Dövlət başçısının çıxışı sübut edir ki, Azərbaycan bu gün nəinki regional, hətta qlobal proseslərin istiqamətini müəyyən edən fəal aktor kimi çıxış edir. Bu gün rəsmi Bakı xarici siyasətdə tam müstəqil və heç bir güc mərkəzindən asılı olmayan balanslaşdırılmış kurs yürüdür. Bunun sayəsində isə Azərbaycan bu gün bəzi qlobal güclərin siyasi manipulyasiyalarını açıq şəkildə ifşa edir. Məsələn, bəzi Qərb dairələri insan hüquqları və demokratiya kimi ali prinsiplərdən suveren dövlətlərə qarşı zaman-zaman təzyiq və geosiyasi alət kimi istifadə ediblər. Öz ölkələrində tüğyan edən miqrant böhranı, sosial problemlər, polis zorakılığı, hər ötən gün artan islamafobiyaya göz yumanlar suveren ölkələrə insan hüquqlarından dərs keçməyə çalışırlar. Bu isə ikili standartlardan başqa bir şey deyil.

    Məhz İlham Əliyevin qətiyyətli mövqeyi sübut edir ki, rəsmi Bakı heç bir xarici təzyiq qarşısında geri addım atmır. Bu gün Azərbaycan dövləti elə bir gücdədir ki, istənilən beynəlxalq platformada milli maraqlarını müdafiə edə bilir və qərəzli yanaşmalardan qoruna bilir.


    Qərbin ikili standartlarına Cənubi Qafqazda ən çox məruz qalan ölkə Azərbaycandır. Qərb uzun illər süni şəkildə insan hüquqları mövzusunu gündəmə gətirərək qabardıb və Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edib. Əslində, bu hücum və ikili standartların arxasında Azərbaycanı öz inkişaf yolundan yayındırmaq, milli strateji planların həyata keçirilməsinin qarşısını almaq, ölkəni xarici diktənin təsiri altına almaq olub.

    Məsələ burasındadır ki, "insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz" tezisi arxasında gizlənən bu dairələr real insan hüquqlarının pozulması məsələsində fərqli və riyakar mövqe nümayiş etdirirlər. Bunun ən bariz nümunəsi, rəsmi Bakının təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun qlobal müstəvidə müstəmləkəçilik, müstəmləkə əsarəti və bu sistemin doğurduğu irqi-sosial bərabərsizlik məsələlərini qətiyyətlə beynəlxalq gündəliyə daşıması zamanı ortaya çıxdı.

    Məhz forum zamanı dövlət başçısı bu riyakar və ikiüzlü siyasəti belə ifşa etdi: "Mən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən ilk dəfə Strazburqa gələndə eşidirdim ki, insan hüquqları heç bir ölkənin daxili işi ola bilməz. Biz dərsimizi o zaman öyrəndik. Bu gün Bakı Təşəbbüs Qrupu kolonial müstəmləkəçilik, qeyri-bərabərlik siyasətindən danışarkən artıq Azərbaycan hökuməti Fransanın daxili işlərinə müdaxilədə ittiham edilir. Hesab edirik ki, insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu qeyri-hökumət təşkilatıdır və bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni qlobal gündəliyə salıb".

    Şuşadan səslənən bu bəyanat Qərbin, xüsusilə də Fransanın insan hüquqlarına yanaşmasındakı dərin çatları və riyakarlığı tam çılpaqlığı ilə ifşa edir. Azərbaycana təzyiq aləti kimi istifadə edilən "humanitar universallıq" tezisi hazırda rəsmi Bakı tərəfindən Parisin dənizaşırı ərazilərdəki neokolonialist siyasətinə qarşı tətbiq edilir. Yəni, Qərbin öz ideoloji siyasəti ona qarşı yönəldilir və onu çıxılmaz diplomatik dalana salır. Bakı Təşəbbüs Qrupu isə Fransanın bu iyrənc siyasətini lobal miqyasa daşıyan, bu məsələdə səmərəli addımlar atan ilk qeyri-hökumət təşkilatıdır. Bakı Təşəbbüs Qrupunun əsas hədəflərindən birinin Fransanın müstəmləkədə saxladığı və dənizaşırı ərazilər adlandırdığı coğrafiyalardır. Bu siyahıya Yeni Kaledoniya, Polineziya, Qvadelupa, Martinika kimi ərazilər, bu bölgələrdə yaşayan və siyasi təzyiqlərə, iqtisadi istismara məruz qalan, ərazilərinin hərbi poliqona çevrilməsindən narahat olan xalqlar daxildir.

    Ən böyük siyasi paradoks isə ondan ibarətdir ki, öz müstəmləkələrində milyonlarla insanın fundamental hüquqlarını və öz müqəddəratını təyinetmə istəyini qan içində boğan Fransa Cənubi Qafqaza gəldikdə, uzun illərdir, ermənipərəst siyasət yürüdüb. Separatçıların qondarma Dağlıq Qarabağ Respublikasının tanınması istiqamətində Parisin atdığı addımlar, qondarma rejim nümayəndələrinə "səfirliklər" təsis etməsi əslində Yelisey sarayının beynəlxalq hüquqa qarşı hörmətsizliyini sübut edir.

    Bununla belə, Azərbaycan Avropa təsisatları ilə Qərbin ikiüzlü siyasəti və təzyiq cəhdlərinə rəğmən asılılıqdan uzaq, bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan bir müstəvidə qurur və inkişaf etdirir. Məhz Prezidentin də Şuşada səsləndirdiyi bəyanatlar rəsmi Bakının Avropa qurumları ilə prinsipal və güzəştsiz bir xətt yürütdüyünü ortaya qoydu.

    İlham Əliyev AŞPA-nın Azərbaycana qarşı qərəzinə toxunaraq bəyan etdi: "Əgər bizim nümayəndə heyətimizin hüquqları bərpa olunmasa, biz Avropa Şurasından tamamilə çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirəcəyik".

    Bu isə o deməkdir ki, rəsmi Bakı heç bir sanksiya və ya təzyiqə görə geri addım atmayacaq. Bu, həm də rəsmi Bakının xarici siyasətinin onurğa sütununu ortaya qoyur. Azərbaycan üçün heç bir quruma, beynəlxalq təşkilata üzvlük ölkənin milli ləyaqətindən, dövlət suverenliyindən və ərazi bütövlüyündən üstün ola bilməz. Qeyd edildiyi kimi, Azərbaycan Avropa ilə ikitərəfli əlaqələrin inkişafında hər zaman maraqlıdır. Amma Avropa Komissiyasında (AK) kök salmış anti-Azərbaycan şəbəkəsi və bəzi rəsmi şəxslər bu sağlam əməkdaşlıq mühitinə zərbələr vururlar. Məsələn, Aİ-nin sabiq xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş baş prokuroru, Azərbaycana qərəzi ilə ad qazanmış ermənipərəst Luis Moreno Okampo kimi korrupsionerlərlə yaxınlığı, ölkəmizə qarşı apardığı qarayaxma kampaniyaları haqlı olaraq Bakının etirazı ilə üzləşib.

    Bununla belə, Aİ Şurasının prezidenti Antoniu Koşta, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və AK-nin sədri Fon der Lyayenin bu yaxınlarda Bakıya reallaşan səfərləri tərəflər arasında əməkdaşlığın inkişafına təkan verir. Bununla belə, AŞPA və AP kimi Avropa institutlarında Azərbaycana qarşı zaman-zaman baş qaldıran qarayaxma kampaniyaları, mənasız və əsassız qətnamələr, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması əslində siyasi qisas aktıdır. Bunlar 2020-ci ildə öz torpaqlarını işğaldan azad edən və suverenliyini bərpa edən, regionda və dünyada artıq söz sahibinə çevrilən rəsmi Bakının yüksəlişini həzm edə bilməyən siyasi qüvvələrin addımları idi. Bu ikiüzlü siyasətin təməlində, yenə də qeyd edək ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi dayanırdı.

    Müxtəlif təzyiq alətləri ilə insan hüquqlarından dəm vuran Qərb əslində separatizmi dəstəklədiyinin fərqində deyil.

    Məhz bu qərəzli yanaşmaya görə Azərbaycan Avropa Şurasına üzvlükdən tamamilə çıxmaq məsələsini gündəmə gətirir və bunu ciddi şəkildə ifadə edir. Bunun üçün isə rəsmi Bakının hüquqi və mənəvi əsasları var. Sərhədlərindən çox kənarda müstəmləkələr quran, yerli xalqların hüquqlarını tapdalayan, ana dilində təhsil almasına imkan verməyən bəzi dövlətlərin 30 illik işğal və 1 milyon məcburi köçkünlüklə üzləşən Azərbaycana qarşı hansısa hüquq dərsi vermək cəhdi adlandırıla bilməyəcək bir ikiüzlülük və beynəlxalq hüquq sisteminin iflasıdır.

    Dövlət başçısı Şuşadakı bəyanatları ilə rəsmi Bakının bu məsələdəki qəti xəttini, suveren iradəsini və güzəştsiz şərtini bütün dünya birliyinin diqqətinə çatdırdı: Azərbaycan yalnız və yalnız o təqdirdə öz nümayəndə heyətinin bu təşkilat çərçivəsindəki fəaliyyətini bərpa edə bilər ki, AŞPA-da nümayəndə heyətimizin səsvermə və digər bütün pozulmuş hüquqları tam, qeyd-şərtsiz və dərhal bərpa olunsun.

    Bu mövqe də sübut edir ki, Prezidentin xarici siyasət xəttinə görə, ölkənin milli ləyaqəti, ərazi bütövlüyü, suveren hüquqları, milli maraqları hər şeydən, istənilən beynəlxalq təşkilatdan da üstündür. Azərbaycan bu gün Qərb qarşısında öhdəlik yerinə yetirən zəif bir ölkə deyil, öz milli hüququnu qlobal müstəvidə təkbaşına müdafiə etməyə qadir olan, öz gücü və qətiyyəti ilə regional nizamı diktə edən bərabərhüquqlu və müstəqil bir gücdür...(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR