Qavrilovu öldürən şəxsi 20 ilədək həbs cəzası gözləyir
Rusiyanın Volqoqrad vilayətinin hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan vətəndaşı Teymur Qavrilovun qətlinə dair cinayət işi ilə bağlı brifinq keçiriblər.
AzadMedia.az xəbər verir ki, brifinqdə Volqoqrad Dövlət Tibb Universitetinin birinci kurs tələbəsi, Azərbaycan vətəndaşı Teymur Qavrilovun qətlində şübhəli bilinən Vitali Vasilyevin axtarış prosesi və saxlanması barədə məlumat verilib. Qeyd olunub ki, şübhəli şəxsin müəyyən edilməsi üçün 60-dan çox adam dindirilib, məhkəmə ekspertizaları keçirilib. Nəticədə 22 yaşlı Vitali Vasilyev Smolensk şəhərində aşkar edilərək Volqoqrada gətirilib. V.Vasilyevin Teymur Qavrilovu tanımadığı və onu təsadüfən görüb bıçaqla qətlə yetirdiyi məlum olub. İstintaqın rəyinə görə, V.Vasilyev həmin axşam şəhərdə gəzərək, qurban axtarırmış və Teymur Qavrilov onun qarşısına təsadüfən çıxıb. V.Valiyevin heç yerdə işləmədiyi, idmançı olduğu və orduda xidmətdən yayındığı da məlum olub. Onun hər hansı qruplaşmanın üzvü olub-olmaması araşdırılır.
V.Vasilyev Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (Milli ədavət zəminində qətl) üzrə təqsirli bilinir. Bu maddə üzrə cinayət törədən şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir. Brifinqdə qeyd edilib ki, cinayət işində əli olan digər şəxs də müəyyənləşdirilib. O, V.Vasilyevin qətl törətməsindən xəbərdar olub və regionu tərk etməkdə ona kömək göstərib. Həmin adam da cinayət məsuliyyətinə cəlb olunacaq.