AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanla quru əlaqələrin təmini ölkə üçün hansı imkanları yaradacaq? - ŞƏRH

  • + A
  • - A
  • 14-11-2020, 17:40



    Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova bildirib.

    Onun sözlərinə görə, Naxçıvan ilə quru əlaqələrin bərpası ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsi və mövcud kommunikasiya infrastrukturuna əhəmiyyətli alternativ təmin edir. Bu nəqliyyat dəhlizinin açılması ilə bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaq.

    Quru əlaqələrin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud daha bir problem öz həllini tapacaq. Postblokada dövründə Naxçıvan, bu tranzit xətləri öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcək. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaq.

    Naxçıvanla nəqliyyat kommunikasiya sisteminin qurulması həmçinin məsafə və dolayısı ilə yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yol xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də sayında artım proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolaylı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcəkdir.

    Quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Postblokada dövründə nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq, həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcək.

    Quru yolun bərpası ilə layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq beynəlxalq yüklərin Avropaya daşınmasında Azərbaycandan Türkiyəyə yükdaşımaları asanlaşacaq. Nəticədə Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ardahan, İğdır və Qars şəhərlərini əhatə edən Şərqi Anadolu bölgəsi başda olmaqla bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR