Məlum olduğu kimi, elmi-texniki tərəqqinin intensivləşdiyi, dünya bazarında rəqabətin kəskinləşdiyi hazırkı dövrdə davamlı inkişafın yolu elmi cəhətdən yüksək səviyyədə əsaslandırılmış siyasətdən və elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqindən keçir. Elmlə iqtisadiyyatın üzvi şəkildə birləşməsinə xidmət edən AMEA Yüksək Texnologiyalar Parkında bu istiqamətdə mühüm işlər görülməkdədir.
Belə ki, Texnoparkda akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) aparılan elmi tədqiqatların iqtisadiyyata tətbiqi işlərinə dəstək verilir. Parkda real iqtisadiyyata xidmət edən əsas tətbiqi əhəmiyyətli işlər AKİ mütəxəssisləri tərəfindən yaradılmış “Depressator-AKİ” aşqarının istehsalının təşkili üzrə işlərin aparılması və “TC-1” yanacağı, super-antigel və “Depressator-AKİ” aşqarından istifadə etməklə dizel yanacağının tələb olunan donma temperaturunu təmin edən kompozisiyanın yaradılmasıdır. Bundan əlavə, xüsusi təyinatlı motor yağının tətbiqi, işlənmiş yağların regenerasiya texnologiyasının işlənilməsi və kənd təsərrüfatı məhsullarının tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin işlənib hazırlanması və tətbiqi ilə bağlı işlər aparılıb.
Eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların sifarişləri əsasında təqdim edilən yağ, aşqar nümunələrinin fiziki-kimyəvi analizi, texniki şərtlərin hazırlanması işləri də görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.