“Dünyanın heç yerində sülhməramlılar parad keçirmirlər” - Qüdrət Həsənquliyev
"Rusiya sülhməramlıları səlahiyyət hədlərini aşır, ermənilərə xoş gəlmək, bizi isə, yalnış olaraq özlərini bölgənin sahibi kimi aparmaqla qıcıqlandırmaq istəyirlər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Milli Parkda, açıq havada Hərbi Qənimətlər Parkının yaradılması bəlli şəxlər tərəfindən ciddi tənqidlə üzləşdi. Əsas tənqidlərdən biri də odur ki,niyə erməni hərbçilərin manikenlərində onların burnu yekədir. Sizin fikrinizi bilmək istərdik.
- Həmin manikenlərdə ermənilərinin fiziki antropologiyasına uyğun sifətlərinin xarakterik cizgiləri öz əksini tapıb. Həm də insanlıq əleyhinə ağır cinayətlər törətmiş işğalçı ordunun əsgəri necə göstərilməli idi ki? Bir qrup adam var ki, hökumət nə etsə, fərq etməz, onlar əleyhinə danışacaq. Ona görə də əhəmiyyət vermək lazım deyil, qoy ermənilərlə ağız-ağıza verib nə qədər istəyirlər danışsınlar. Bu adamlar bilərəkdən və ya bilməyərəkdən daima, yerli-yersiz Qarabağdan, sülhməramlılardan danışmaqla ictimaiyyətin diqqətini hazırda ölkəmiz üçün daha vacib olan iqtisadi islahatlar prosesindən yayındırırlar.
- Rusiya sülhməramlılarının Qarabağda parad keçirəcəyinə necə baxırsınız?
- Dünyanın heç yerində sülhməramlılar nə təlim, nə də parad keçirmirlər. Belə bir beynəlxalq təcrübə də yoxdur. Sülhməramlı hərbçilər tez-tez əvəz olunurlar, onların ailələri də xidmət keçdikləri münaqişə zonasına gətirilmir. Sülhməramlıların işi münaqişə tərəfləri arasında dayanıb atəşkəsə nəzarət etməkdir. Amma Rusiya sülhməramlıları səlahiyyət hədlərini aşır, ermənilərə xoş gəlmək, bizi isə, yalnış olaraq özlərini bölgənin sahibi kimi aparmaqla qıcıqlandırmaq istəyirlər. Səbrlə Ermənistandakı növbədənkənar seçkilərin başa çatmasını gözləməliyik.
Əslində Rusiya üçün gözəl imkan yaranıb ki, Azərbaycanın suverenliyinə hörmət etməklə bizimlə oxşar problemlər yaşayan digər keçmiş sovet respublikalarına göstərsin ki, Rusiya ilə dost olmaqla problemləri həll etmək olar. Bu olmayacaqsa, hamı Rusiyanı özünün ərazi bütövlüyünə təhlükə görəcək və Rusiyadan uzaqlaşmağa, yeni müttəfiqlər tapmağa çalışacaq. Bunu başa düşmək o qədər də böyük ağıl tələb etmir.
- Qüdrət bəy, Rusiyanın Türkiyə ilə hava əlaqəsini kəsməsi, Qarabağda - başqa dövlətin ərazisində, parad keçirmək istəyi Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı ola bilərmi?
- Düşünmürəm. Türkiyə həmişə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyib. Bundan başqa Türkiyə Ukrayna Prezidentini Ankaraya dəvət edib inandırmağa çalışdı ki, Qərbə güvənib müharibə etmək olmaz, münaqişənin hərbi yolla həlli çox təhlükəlidir və Ukrayna ərazi bütövlüyünə danışıqlar yolu ilə nail olmağa çalışmalıdır. Zaman-zaman Ukrayna, Gürcüstan, Moldava da bizə deyirdi ki, ərazi bütövlüyünüzü tanıyırıq, amma problemi danışıqlar yolu ilə həll edin. Mən 10 il NATO PA-da bir dəfə görmədim ki, qeyd etdiyim üç ölkədən bir nəfər çıxış edib bizi müdafiə etsin və desin ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bizim onları dəfələrlə müdafiə etməyimizə baxmayaraq. Elə dünən Avronest Parlament Assambleyasında da biz bunu müşahidə etdik. Bunları yeri gəlmişkən söylədim. Türkiyədəki danışıqlardan sonra biz Ukraynanın davranışlarında sərt ritorikadan imtinanı müşahidə etdik. Hesab etmirəm ki, hazırda Rusiyaya Ukrayna ilə böyük müharibə lazım idi və Türkiyə onun planlarını pozub. Ona görə də həm Rusiya, həm də Ukrayna Türkiyəyə səmimi tərəfdaş kimi minnətdar olmalıdır.
- Dünyada və ölkəmizdə COVİD-19-la mübarizəni effektli saymaq olarmı?
- Virus kasıb ölkələrin günahı ucbatından dünyada yayılmayıb. Bəşəriyyət böyük bir faciə yaşamaqdadır. İnsanlar əzizlərini itirir. 3 milyondan artıq insan həyatını itirib, digərlərinin rahat həyatı əlindən alınıb. Çox təəssüf ki, nə qədər əxlaqa zidd olsa da bu faciədən də varlanmaq istəyən ölkələr və şirkətlər var. Hesab edirəm Azərbaycan Qoşulmayanlar Hərəkatı adından vaksin istehsalına başlamış ölkələrə müraciət etməlidir ki, təcili olaraq vaksinlərin hazırlanması formulası açıqlansın, dünyada texnoloji imkanlara malik olan bütün farmakoloji şirkətlər vaksin istehsalına başlasın. Kasıb ölkələr üçün vaksinlərin hazırlanması xərclərini virusun yayıldığı Çin Xalq Respublikası öz üzərinə götürməlidir. Vaksinlər çox az gəlirlə satışa çıxarılmalıdır. Hər gün minlərlə insan virusa görə həyatını itirir.
Azərbaycana gəldikdə isə vaksinləşmə prosesi bir çox ölkələrlə müqayisədə qənaətbəxş hesab olunsa da, ümumən yetərli deyil. Bizim maliyyə vəziyyətimiz imkan verirdi ki, vaxtında dünyanın qabaqcıl şirkətləri ilə vaksin alınmasına dair müqavilələr bağlayaq. Müvafiq qurumlar zaman-zaman bizi inandırırdılar ki, dünyanın qabaqcıl şirkətləri ilə bu istiqamətdə danışıqlar aparılır. Amma zaman göstərdi ki, deyilənlər həqiqəti əks elətdirmirmiş. Müvafiq vəzifəli şəxslər buna görə həm Prezident, həm xalq qarşısında məsuliyyət daşımalıdırlar. Onlar vəzifələrini layiqincə yerinə yetirsəydilər indi mövcud durum daha ürəkaçan olardı.