Bloqer Kamil Zeynallı özünün instaqram səhifəsində “Kontakt Home” haqqında paylaşım edərək, şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin ödənişlərin edilməməsinə görə “Kontakt Home” tərəfindən zorla geri götürüldüyü barədə məlumat paylaşıb.
Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, bloqer mövzunu heç bir araşdırma aparmadan, dəqiqləşdirməyə ehtiyac duymadan geniş auditoriyanın qarşısına çıxarıb və cəmiyyətdə çaşqınlıq yaradıb:
“Müharibənin ilk günlərindən şəbəkəmiz tərəfindən şəhid və qazi ailələrinə edilən yardımlar geniş ictimaiyyətə məlumdur. Əminik ki, Kamil bəy və onun paylaşımını tirajlayan bəzi KİV nümayəndələri mövzuya aydınlıq gətirmək istəsəydilər, məsələni dərindən araşdıra bilərdilər. Lakin biz öz tərəfimizdən belə bir həssas mövzuda adımızın hallandırıldığına təəssüf edərək, məsələyə tam aydınlıq gətirmək istəyirik.
Qeyd edək ki, sözügedən yataq dəsti şəhidimizin ailəsinə deyil, onun qayınanası Məmmədova Azadə Süleyman qızına məxsusdur. Azadə xanım məhsulu qızı ailə həyatı qurarkən ona hədiyyə edib.
Şirəli bəy şəhid olduqdan sonra qızı ata evinə geri qayıdıb. Azadə xanım “Kontakt Home”un Çağrı Mərkəzinə müraciət edərək, məhsul üzrə ödənişlərini davamlı olaraq etsə də, ondan imtina etdiyini və yataq dəstini geri qaytarmaq istədiyini bildirib.
Çağrı Mərkəzinin operatoru Azadə xanımın kürəkəninin şəhid olduğunu öyrəndikdən sonra borcun şirkət tərəfindən bağışlanılması və məhsulun şəhidin evində qalmasını təklif edib. Lakin o, buna razı olmayıb və məhsulun sahibi olaraq təkidlə geri qaytarılmasını istəyib.
*Çağrı Mərkəzi ilə həyata keçirilmiş bütün bu danışıqların səs yazıları mövcuddur. Yaranmış və ya yarana biləcək çaşqınlıqların qarşısını almaq üçün faktları ictimaiyyətin diqqətinə çatdırmağa hazırıq.
Məhsulun sahibi tərəfindən belə qəti tələb olması səbəbindən əməkdaşlarımız qaytarılma üçün ünvana yaxınlaşıb. Qaytarılma prosesi məhsulun sahibi Azadə xanımın və şəhidin ailəsinin də iştirakı ilə həyata keçirilib. Yəni burada fəhlələr məhsul sahibinin tələbini yerinə yetirib.
Aydın olduğu kimi, “Kontakt Home” mağazalar şəbəkəsinin sözügedən mövzuda heç bir təqsiri yoxdur. Amma nədənsə mövzu fərqli şəkildə işıqlandırılıb və şəbəkənin ictimai nüfuzu hədəf alınıb.
Sonda bir daha xatırlatmaq istərdik ki, “Kontakt Home” ailəsi olaraq Vətən Müharibəsi qazilərinin müalicəsinə, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, eyni zamanda, hərbiyə yollanmış şirkət əməkdaşlarının ailələrinə dəstək istiqamətində ümumilikdə 500 000 manatdan yuxarı maddi yardım edib.
Həmçinin, şəhid ailələrinin, əmək qabiliyyətini itirmiş müharibə qazilərinin şəbəkəyə olan borclarını ləğv edib, müharibə iştirakçılarının aktiv borclarını dondurub. Güzəştlər bu günə qədər davam etməkdədir. Bu barədə güzəşt etdiyimiz ailələr özləri ictimaiyyətə məlumat təqdim edə bilər.
Sonda bütün kütləvi informasiya vasitələrini, bloqerləri və digər insanları belə həssas mövzularda daha məsuliyyətli olmağa dəvət edirik.
II Qarabağ müharibəsi iştirakçılarına tətbiq olunan güzəştlər barədə daha ətraflı aşağıdakı keçidə klikləyərək tanış ola bilərsiniz: https://bit.ly/3493jfG”