İyunun 25-də Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin iştirakı ilə Hərbi Prokurorluqda tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirmişdir.
Böyük Zəfərin əldə edilməsində Ölkə Başçısının həyata keçirdiyi köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir ordunun formalaşdırılması mühüm rol oynamaqla yanaşı həyata keçirilən effektiv xarici siyasətin hərbi-siyasi qələbəmizi şərtləndirməklə ölkəmizin regional liderliyini birmənalı təsbit etdiyi vurğulanmışdır.
Diqqətə çatdırılmışdır ki, döyüş meydanında uğurların əldə edilməsində aparılmış islahatlarla yanaşı, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, onların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, eləcə də Dövlət Başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri olmuşdur ki, bütün bunlar vətən uğrunda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini daha da artırmışdır.
Sevindirici haldır ki, müharibədən sonra da bu diqqət ən yüksək səviyyədə göstərilməklə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, qazilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunmuş, onların maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması bu baxımdan mühüm əhəmiyyətə malik olmuşdur.
“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa, Bərdə-Ağdam, Zəngilan-Horadiz avtomobil yollarının, həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanlarının təməlinin qoyulması, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqinin doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi olduğu bildirilmişdir.
Xüsusi vurğulanmışdır ki, Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəltmişdir.
Tədbirdə hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi, xüsusən döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini uğurla icra etdiyi qeyd edilməklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 38 prokurorluq əməkdaşının, o cümlədən hərbi prokurorluq orqanlarının 9 əməkdaşının yüksək dövlət mükafatları - orden və medallarla təltif edilməsinin Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirildiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin böyük əhəmiyyəti olmuşdur.
Hərbi Prokurorluq orqanları qarşısında duran vəzifələrin önəmini diqqətə çatdıran Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılmasının dövlət siyasətinin prioritetini təşkil etdiyini bildirməklə Ölkə Başçısının Sərəncamı ilə həmin ərazilərdə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Baş prokurorun müavini – Respublika Hərbi prokuroru Xanlar Vəliyev hərbi prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirməklə qurumun qarşısında duran vəzifələrin həyata keçirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırmışdır.
Tədbirin sonunda Baş Prokurorluq üzrə müvafiq əmrlə həvəsləndirilmiş bir qrup əməkdaşa mükafatlar təqdim edilməklə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivinin qanunçuluğun və hüquq qaydasının, o cümlədən Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizə istiqamətindəki səmərəli fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.