Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə səfərdədir.
Komitədən
AzadMedia.az a verilən məlumata görə, 25-27 iyun tarixlərini əhatə edəcək səfər son illər yeni mərhələyə qədəm qoyan Azərbaycan diasporunun fəaliyyətinin effektivliyini daha da artırmaq məqsədi daşıyır. Bu xüsusda, dünyanın 10 ölkəsinin 13 meqapolisini əhatə edən Azərbaycan Evinin rəhbərləri və 29 dövlətin 13 müxtəlif şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya Şuralarının koordinatorları ilə görüş keçiriləcək, onların ayrı-ayrılıqda hesabat məruzələri dinləniləcək, problemləri və gələcək iş planları müzakirə ediləcəkdir.
Azərbaycanın diasporla iş sahəsində dövlət siyasətinin prioritetləri ətrafında panel iclasları təşkil olunacaq, Vətən müharibəsindən sonra yeni hədəflər və gözləntilərə nəzər yetiriləcəkdir. Diaspor işinin sistemli təşkili məqsədilə təlim-seminarlar təşkil olunacaq.
Eləcə də Komitə sədri və Azərbaycan diaspor nümayəndələri Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun şücaəti sayəsində Ermənistanın işğalı altındakı ərazilərin azad olunması zamanı yaralanan və hazırda İstanbulda müalicə alan qazilərimizə baş çəkəcək.
O cümlədən, “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə qardaş ölkədə hərbi təhsil alan kursantlarımızla görüş olacaq.
Qeyd edək ki, səfər proqramı çərçivəsində Ankaradakı Azərbaycan Evinin yenidənqurmadan sonra açılışı da nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.