Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan artıq neçə illərdir ki, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə regionun aparıcı dövlətinə çevrilib. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, Trans-Adriatik boru kəməri kimi bir çox nəhəng layihələr təkcə region dövlətlərinin deyil, eləcə də Avropanın enerji təhlükəsizliyinə və iqtisadi tərəqqisinə xidmət edir. Həmin layihələrin mərkəzində məhz Azərbaycan dayanır. Regional və qlobal mənada bu cür iqtisadı-siyasi çəkiyə malik olan bir ölkənin dövlət başçısının hər çıxışı, səsləndirdiyi hər bəyanat, sözsüz ki, aparıcı dünya dövlətlərinin və nüfuzlu beyin mərkəzlərinin, beynəlxalq medianın diqqətini dərhal cəlb edir. Xüsusən, Vətən müharibəsi günlərində və müharibədən ötən yeddi ay ərzində Prezidentimizin çıxış və bəyanatları beynəlxalq mediada ciddi siyasət adamlarının, tanınmış ekspert və politoloqların müzakirə mövzusuna çevrilir, onların rəy və şərhlərinə səbəb olur. Prezident İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Ordumuzun rəhbər və şəxsi heyətinin bir qrupu ilə “Gülüstan” sarayında keçirdiyi görüşdə söylədiyi nitq yenə də cəmiyyətimiz və region ölkələri ilə yanaşı, dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün ciddi mesajlarla zəngin oldu.
Bu fikirləri Azadmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.Dövlətimizin başçısı çıxışında diqqəti bir daha ona yönəltdi ki, 2020-ci il 8 noyabr Zəfərinə aparan yol düşünüldüyündən də qat-qat çətin olub. Bu tarixi yolda ölkə içində mövcud olan mürəkkəb problemləri dəf etməklə yanaşı, beynəlxalq müstəvidə üzləşdiyimiz çətinlikləri və haqsızlıqları aşmaq üçün də ciddi səylərə ehtiyac duyulub, ötən illər ərzində bunun üçün böyük əmək sərf olunub. 44 günlük Vətən müharibəsində məğlub olmuş Ermənistanda bu gün yaşananları, parçalanmış erməni cəmiyyətini, acı məğlubiyyətin orada doğurduğu reallıqları, ictimai-siyasi münasibətlərin qarşılıqlı nifrət və düşmənçilik həddinə çatdığını və bütövlükdə erməni cəmiyyətində ictimai psixozun hökmranlıq etdiyini indi hər kəs görə bilir. Ermənistanda vətəndaş müharibəsi təhlükəsi hələ də sovuşmayıb. Çünki, erməni cəmiyyətinin özü kimi, önündə gedən siyasətçilərinin də şüurunda yaşayan miflər Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyinə və əslində, bu siyasətçilər zehniyyət baxımından bir-birindən elə də fərqlənmədiklərinə görə, qarşılıqlı ağır ittihamların qan tökülməsi ilə nəticələnməsi hər an gözləniləndir. Bu, torpaqlarımızın itirildiyi 1992-ci il və 1993-cü ilin əvvəlində ölkəmizin ictimai-siyasi həyatında yaşananlardan dəfələrlə ağır mənzərədir. İlk növbədə ona görə ki, Ermənistandan fərqli olaraq, o illərdə Azərbaycanın Xilaskarlıq missiyasını yerinə yetirməyə qadir olan Böyük Heydər Əliyevi var idi. Prezident İlham Əliyev çıxışında həmin illərin ölkəmizə gətirdiyi ağırlığı belə ifadə etdi: “Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi...Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır”.
Ulu Öndərin ölkəmizin xilası, ayaqda dura bilməsi və müstəqilliyimizin qorunması, Qarabağın işğaldan azad olunması naminə başladığı nəhəng işləri xalqımızın iradəsi ilə onun siyasi varisi Prezident İlham Əliyev qətiyyətlə davam etdirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin təməli doyuldu, son 17 ildə isə bu təməl daha da möhkəmləndirildi, bütün çətinliklərə və maneələrə, xarici təhdid və təzyiqlərə baxmayaraq, iqtisadi müstəqilliyimiz təmin olundu, sosialyönümlü siyasət dövlətimizin prioritetinə çevrildi. Bəzən gözlə görünməyən, bəzən isə siyasi qısqancların görmək istəmədiyi-arxasında böyük əməyin dayandığı bu işlər yalnız bir müqəddəs hədəfə xidmət edirdi. Hədəf-ərazi bütövlüyümüzün bərpası, Qarabağın işğaldan azad edilməsi və milli qürurumuzun təhdidlərdən, basqılardan xilas olunması idi. Dövlətimizin başçısı çıxışında bu illər ərzində görülən nəhəng işlərin, çəkilən ağır zəhmətin yalnız kiçik bir hissəsinə toxundu, amma onların hər birinin ümummilli hədəflərimizə xidmət etdiyi danılmaz həqiqətdir: “Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik”.
Artıq cəmiyyətimizə də məlumdur ki, tarixi Qələbəyə aparan yolda ölkədaxili problemlərin həlli, hakimiyyət qollarının və dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi-sosial dayanıqlılığın təmin olunması, nizami ordu quruculuğu və ordunun ən müasir silahlarla təchizatı ilə yanaşı, bunlardan da çətin olan məsələ beynəlxalq müstəvidə bəzən üzləşdiyimiz ədalətsiz yanaşmanın, ikili standartların dəf olunması ilə bağlı idi. Artıq o da sirr deyil ki, 30 ilə yaxın müddət ərzində Ermənistanın danışıqlar prosesini imitasiya və sabotaj edə bilməsi öz imkanlarına və siyasi çəkisinə söykənmirdi. Onun himayədarlarının və havadarlarının, vasitəçilik missiyasında tərəfsizlik prinsipini pozanların kimliyi cəmiyyətimizə bəllidir. O da məlumdur ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana aid olan məlum dörd qətnaməsindən heç biri 27 il ərzində yerinə yetirilmədi. Prezident İlham Əliyev bunu bir neçə mötəbər beynəlxalq tədbirdə, o cümlədən BMT-nin nüfuzlu tribunasından israrla dünya birliyinin diqqətinə çatdırıb. Xalqımız haqlı olaraq inanmır ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü olan və danışıqlar prosesində vasitəçilik mandatını əldə edən ABŞ, Rusiya və Fransa kimi nəhəng dövlətlər Ermənistan kimi kiçik bir ölkəni beynəlxalq hüquqa hörmət göstərməyə məcbur edə bilmədi, işğalçı dövlətin qarşısında aciz qaldı. Cəmiyyətimizin inamsızlığı həm də ona söykənir ki, hətta müharibənin gedişatında vasitəçilərdən bəzilərinin, xüsusən də Fransanın tərəfsizlik mandatına və beynəlxalq hüquqa zidd olan bəyanatlarının şahidi oldu. Prezident İlham Əliyevin “Gülüstan” sarayındakı çıxışında səsləndirdiyi bu fikirlər tarixi ədalətin bərpası qarşısında dayanan maneələrin hətta müharibə günlərində davam etdirilməsinin sübutudur: “Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi”. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bütün bu maneələrin aradan qaldırılmasında və məkrli planların qarşısının alınmasında Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Azərbaycanın yanında oldular və ədalətli mövqeyimizə dəstək verdilər. Heç şübhəsiz ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan etibarlı ikitərəfli münasibətlər, qardaş və dost ölkələrin qazanılması Ermənistanı himayə edənlərin qarşısında Azərbaycanın təklənməsinə imkan vermədi. Dövlətimizin başçısı çıxışında həmin məqama xüsusi diqqət ayırdı: “O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr- Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi”.
Prezident nitqində dönə-dönə bunu da vurğuladı ki, əgər beynəlxalq hüquq normaları işləsəydi, onların tətbiqində ayrı-seçkiliyə yol verilməsəydi, böyük güclərin siyasi maraqları beynəlxalq qanunları arxa plana keçirməsəydi və BMT qətnamələrinin icrasına Ermənistan zamanında məcbur edilsəydi, müharibəyə də ehtiyac qalmazdı. Hüquqi-siyasi öhdəliklər ayrı-ayrı dövlətlər tərəfindən yerinə yetirilmədiyinə görə, ölkəmiz Ermənistanın siyasi-hərbi təxribatlarına adekvat cavab vermək, tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına təmin etmək məcburiyyətində qaldı. Prezidentimizin çıxışı bir daha əyani şəkildə göstərdi ki, ölkədaxili və beynəlxalq müstəvidə dövlətimizin dəf etdiyi problem və maneələrin miqyası bu münaqişənin hansı səbəblərdən 30 ilə qədər davam etməsi barədə dolğun təsəvvürün yaranmasına imkan verir. Elə buna görə də, Prezident İlham Əliyev unudulması mümkünsüz olan bu həqiqətləri, qələbəmizin təməlində dayanan ordumuzun fədakarlığını və şücaətini xüsusi qeyd etdi: “Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi-öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq”.
Dövlətimizin başçısı həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq auditoriyaya növbəti dəfə mühüm ismarıclar verdi. Qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi təcavüz siyasətinə, Qarabağı viran qoymasına, yaşayış məskənlərimizi dağıtmasına, qəbir və məscidlərimizi, tarixi və mədəni irsimizi məhv etməsinə baxmayaraq, Azərbaycan hətta bu bədnam qonşusu ilə də dinc birgəyaşayışa hazırdır. Prezident çıxışında bu cür perspektivi mümkün edən yolu da göstərdi: “Ermənistanın inkişafı üçün də yeganə yol var-öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur”.
Dövlətimizin başçısının Ermənistana və onun himayədarlarına növbəti dəfə göndərdiyi mesaj həm də ondan ibarət oldu ki, Azərbaycan ərazisində ikinci erməni dövləti heç vaxt qurulmayacaq. Əgər Ermənistanın təəssübkeşlərindən kimsə hələ də sərsəm erməni xülyasına dəstək verirsə, bu hədiyyəni yalnız öz ərazisində ermənilərə bağışlaya bilər. Amma o da acı həqiqətdir ki, kimsə onlara belə bir lütfü göstərərsə, çox keçməz, bir neçə onillikdən sonra ermənilər iddia edəcək ki, oralar da onların dədə-babasından miras qalıb. Ona görə də, belə bir seçimin məsuliyyəti erməni təəssübkeşlərini indidən düşündürməli, nəticəsi də yalnız onları qayğılandırmalıdır.
Son vaxtlar xüsusi fəallıq göstərən beynəlxalq dairələr də Prezidentin diqqətindən kənarda qalmadı və onlara bu mesaj verildi: “Hesab edirəm ki, müharibə riskini sıfıra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr- quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır”. Artıq beynəlxalq aləmə də yaxşı məlumdur ki, Ermənistanın dövlət atributları tarixən simvolik xarakter daşıyıb, çünki, sözün həqiqi mənasında, müstəqilliyini təmin edə bilməyib. Ermənistan uzun illər ərzində yalnız bir siyasi ünvanın istifadə etdiyi alət idisə, müharibədə uduzan, özləri haqda uydurduqları “məğlubedilməz” və “qədim, mədəni millət” mifləri Ordumuz tərəfindən yerlə-yeksan edilən, zəifləmiş Ermənistan artıq çoxlarının istifadə edə biləcəyi alətə çevrilib. Bu durumda olan, yalnız simvolik atributlarla yaşayan bir ölkə Prezident İlham Əliyevin çıxışında söylədiyi növbəti fikirdən, nəhayət, anlaqlı nəticə çıxarmağa cəhd etməlidir: “Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır... Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.