AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Əsrin müqaviləsi" Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib

  • + A
  • - A
  • 20-09-2021, 10:40

    "Əsrin müqaviləsi" Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Azərbaycanı davamlı və güclü iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev ən mühüm addım atdı, neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
    Məhz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.

    1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması, sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla ilə Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.
    Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.
    Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
    Statistikaya nəzər yetirəndə görürük ki, 2020-ci ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub və bu blok üzrə 500 milyon ton neft hasil edilib, 40 milyard kubmetrdən artıq səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.
    Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir.
    Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR