Noyabrın 2-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Karl-Yulius Kronenberq ilə görüşüb.
Almaniyalı qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Milli Məclis sədrinin müavini Azərbaycan-Almaniya münasibətlərinin tarixi və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Fəzail İbrahimli qonağa Ermənistanla Azərbaycan arasında mövcud olmuş və 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış vəziyyət, yeni reallıqlar barədə məlumat verib. O, 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini deyib. Bildirib ki, bununla da ölkəmiz öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirib.
Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Ölkəmiz regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir.
Görüşdə Almaniya Bundestaqının deputatı Karl-Yulius Kronenberq Azərbaycandakı tolerantlıqdan və mədəni müxtəliflikdən danışıb. Bildirib ki, buradakı mədəni müxtəlifliyin qədim kökləri var.
Söhbət zamanı Karl-Yulius Kronenberq Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) ilə bağlı da məlumat verib.
Bildirib ki, çox sayda azərbaycanlı gənc bu proqrama maraq göstərir. 2008-ci ildən bu proqramda iştirak edən Azərbaycandan indiyədək 50 nəfərə yaxın gənc bu proqrama seçilib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.