Azadmedia.az - Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində 20-24 iyun tarixlərində keçirilən “İctimaiyyətlə əlaqələr və medianın əsasları” mövzusunda yerli və xarici mütəxəssislərin də iştirak etdiyi təlim kursu başa çatıb.
ADA Universiteti Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyevanın təqdimatında iyunun 23-də “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları” mövzusunda təlim keçirilib. Mütəxəssis bu sahədə müasir çağırışlar barədə fikirlərini bölüşüb.
İyunun 24-də - təlimlərin son günündə “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzusu üzrə söhbət aparılıb. Təlimdə çıxış edən ATV kanalı rəhbərinin müşaviri, Əməkdar jurnalist Səadət Məmmədova müəllifi olduğu "Ağdam və mən" layihəsi barədə məlumat verib. O, regionun mədəni irsinin araşdırılması, düzgün mənbələrin seçilməsi, bölgəyə xas mədəniyyətin effektiv tanıdılması və təbliği üsullarının müəyyənləşdirilməsi istiqamətləri üzrə tövsiyələrini diqqətə çatdırıb.
Təlimin növbəti spikeri ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç xarici media ilə münasibətlərin qurulması mövzusunda çıxış edib, öz təcrübəsini bölüşüb.
ADA Universiteti Kommunikasiya və rəqəmsal media proqramının direktoru, təlimçi Şəfəq Mehrəliyeva deyib ki, ümumbəşər mədəni irs məkanında Azərbaycanın yeri getdikcə genişlənir. O cümlədən UNESCO-nun bu mənada tanıdığı məkanlar sırasında Azərbaycana aid yerlərin sayı da artır. Bu siyahıda Bakı ilə yanaşı bölgələrdəki irsimiz də təmsil olunur. Bütün bunların reallaşmasında Mədəniyyət Nazirliyi də aparıcı rol oynayıb. “Kommunikasiya meneceri” layihəsinin əhəmiyyətini qeyd edən Ş.Mehdiyeva daha sonra deyib: “Ümid edirik ki, bu layihə çərçivəsində ADA Universitetində Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyimiz təlim kursu gənc əməkdaşlara yeni bilik və bacarıqlar verərək faydalı oldu”.
Daha sonra təlim iştirakçıları da fikirlərini bölüşüblər. Bildirilib ki, dövlət qurumlarında çalışanların peşəkarlığının artırılmasına istiqamətlənən layihələr təqdirəlayiqdir. Nazirliyin regional idarələrindən nümayəndələrin Bakıda komanda olaraq təlimlərə cəlb olunması, müvafiq sahə üzrə bilik və təcrübələrini artırmaları onların koordinasiyalı fəaliyyətini gücləndirəcək. Bu layihə, eyni zamanda, regionların mədəniyyətinin tanıdılması istiqamətində də birgə fəaliyyətin həyata keçirilməsində faydalı olacaq. Bütün regionların bir təlimdə toplaşması həm də komanda ruhunu formalaşdırıb.
Qeyd olunub ki, “İctimaiyyətlə əlaqələr və medianın əsasları” təlim kursu təkcə çalışdıqları qurumlarda deyil, həyatda, digər insanlarla ünsiyyətdə və kommunikasiyanın qurulmasında vacib məqamları əhatə edib. İştirakçılar layihənin ərsəyə gəlməsində əməyi olanlara və yaradılan şəraitə görə ADA Universitetinə, beynəlxalq təcrübəyə malik təlimçilərə və digər qonaqlara təşəkkürlərini bildiriblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.