Məşhur Məmmədov
Milli Məclisin deputatı
Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Altıncı çağırış Milli Məclis xalqın iradəsini əks etdirən yeni parlament heyəti formalaşdırıldı.
Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu var. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, tam əminliklə demək olar ki,bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak edib.
Müxalifət partiyalarının nümayəndələrinin altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunması buna bariz nümunədir. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Bütün bu reallıqları görən Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verdi. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” bəyanatı Aİ tərəfindən seçkilərin tanınması demək idi.
Bu mütərəqqi addım da məhz Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır. Təbii ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdiriləcəkdir.
Ötən illər ərzində bütün sahələrdə olduğu kimi Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atıldı. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində quruldu. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcuddur.
Hazırda ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bütün dövlət qurumlarında cənab Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, həm mərkəzi, həm də yerli icra orqanlarında bundan sonra da təmizləmə işləri aparılacaq. Bütün bu hadisələrin konteksində
islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi.
Altıncı çağırış Milli Məclisinə seçilmiş deputatların qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.
Qloballaşan dünyada dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar davamlı olaraq qəbul edilir.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılır. Çalışmalıyıq ki, gənclər milli ruhda tərbiyə alsın, xarici təsir altına düşməsinlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur. Sosial şəbəkələrdən də görmək olur ki, deputatlar seçildikləri dairələrdə bacardıqca fəallıq göstərir və seçicilərlə daim təmasda olurlar. Yeni tərkibdə formalaşan Milli Məclisin mənəvi cəhətdən qüsursuz olması hər bir deputatın üzərinə düşən məsuliyyətdir. Çünki aparılan islahatların mahiyyəti də budur.
Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflıq amili əsas prioritetdir. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasdadırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artırır, həm parlamentin ictimaiyyətlə əlaqələrdə rolu artır.
İqtisadi sahədə görülən işlərlə bağlı da Milli Məclisin rolu artıb. Hazırlanan qanunlar dəyişən reallıqlara adekvatdır.
Milli maraqların təminatı və təhlükəsizlik mühiti də əsas sahələrdəndir. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Vətəndaşlar da bilməlidir ki, təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir.
Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edirdi. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməli idi.
2020-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Ölkədə aparılan inqilabi islahatlar parlamentin həmin iclasında özünü açıq şəkildə büruzə verdi