Bakı, 8 dekabr — Azadmedia.az
İlk Zəfər paradı Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi
2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu türk və İslam dünyası üçün böyük əhəmiyyətə malik olan Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Bununla da Qarabağın və Şərqi Zəngəzurun işğalına birdəfəlik son qoyuldu. Şuşa azad olunandan iki gün sonra, noyabr ayının 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxındır işğal altında saxlanılan ölkənin 20 faiz ərazisi Xalq-Ordu-Prezident birliyi nəticəsində azad olundu. Bu gün Azərbaycan bayrağı təkcə Şuşada, Ağdamda, Laçında deyil, Xankəndidə, Xocalıda – bütün Azərbaycanda dalğalanır.
Qarabağda əldə etdiyimiz tarixi qələbənin ilk hərbi paradı 2020-ci il dekabrın 10-da Bakı şəhərində keçirildi. Dünyanı heyrətə salan bu paradda düşməndən qənimət kimi götürülmüş hərbi texnikalar nümayiş etdirildi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər paradına qatılması, onun mötəbərliyini, əzəmətini daha da qüvvətləndirdi.
Təbii ki, bu qələbədə Azərbaycanın dostlarının – Türkiyə və Pakistanın rolu da əhəmiyyətli oldu. Bu birlik Ermənistanın havadarlarının əl-qolunu bağladı, onların müharibəyə müdaxiləsini minimuma endirdi. İldırımsürətli müharibə taktikası, qardaş Türkiyə və Pakistanın Azərbaycana mənəvi-siyasi dəstəyi fonunda torpaqlar azad olundu. Ən modern silahların istifadəsilə aparılan müharibədə Ermənistan ordusunun 80 faizindən çoxu döyüş meydanında sıradan çıxarıldı. Azərbaycan son 200 ildə ilk dəfə olaraq itirilmiş torpaqlarını düşməndən ala bildi.
Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Qondarma Dağlıq Qarabağ Respublikası iddiaları tarixin zibilliyinə atıldı.
2003-cü ildən Azərbaycana rəhbərlik edən Cənab İlham Əliyev müharibəyə uzun illərdir ki, hazırlaşırdı, amma hazırlıq prosesləri bir sıra hallarda gizlin saxlanılırdı. Vətən müharibəsi başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə hazırlıq dövrü kimi qiymətləndirilə bilər. Həmin illər ərzində Prezident İlham Əliyev səbr və əzmkarlıqla, müdrikcəsinə qələbəni təmin edəcək siyasi şəraitin yetişməsini gözlədi. Hətta ölkə ictimaiyyəti müharibə dövründə bır sıra sürprizlərin, təsəvvür olunduğundan daha güclü bir ordunun, daha müasir silahların şahidi oldu. Bu, düşmən üçün daha gözlənilməz idi. Şok içərisində olan ermənilər döyüşün ilk günlərində aldıqları sarsıdıcı zərbələr nəticəsində məhv edildi, sağ qalanlar isə döyüş mövqelərini qoyub qaçdılar. Onlar sıldırım dağların əhatəsində yerləşən, alınmaz qala şəhəri hesab edilən Şuşanı belə qoruya bilmədilər. Mədəniyyət beşiyi olan Şuşa Azərbaycan üçün olduqca simvolik məna kəsb edir.
Hazırda işğaldan azad edilmiş torpaqlarda təmir-bərpa, quruculuq işləri aparılır. 3 il ərzində Qarabağda 3 müasir hava limanı tikilərək istifadəyə verilib. Bundan başqa smart kənd, şəhər layihələri icra olunur, magistral yollar, körpülər, tunellər çəkilib. Qarabağın, demək olar ki, bütün yaşayış və qeyri-yaşayış məntəqələrinə elektrik xətləri çəkilib. Regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yarada bilib.
BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu gün Azərbaycanı dəstəkləyir.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ermənistan hər dəfə qətnamələri icra etməkdən imtina edirdi. Bəzi beynəlxalq təşkilatlar sözdə Azərbaycanı dəstəklədiklərini ifadə etsələr də, Ermənistana real təzyiq etmir, münaqişənin danışıqlar yolu ilə həllinə cəhd edirdilər. Ermənistanın sonuncu iqtidarının rəhbəri, baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deməklə Azərbaycanın səbrini, qətiyyətini sınağa çəkdi və seçim imkanı buraxmadı. Nəticə isə Ermənistana çox baha başa gəldi. Ermənistan nəinki müharibədə uduzdu, bir dövlət kimi dayaqları sarsıldı, daxili və beynəlxalq nüfuzu yerlə bir oldu.
Artıq ölkəmiz üçüncü ildir ki, Zəfər gününü qeyd edir. İlk Zəfər paradında Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışında qeyd etdi ki, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də o idi ki, bu möhtəşəm tədbir Azərbaycan-Türkiyə-Pakistan ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Həm 44 günlük Vətən Müharibəsi zamanı, həm də ondan sonrakı dövrlərdə Azərbaycanın hər bir yerində Türkiyə və Pakistanın dövlət bayraqları milli üçrəngli bayraqla yanaşı dalğalanıblar.
Paradda iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın əldə etdiyi tarixi zəfəri bütün türk və müsəlman dünyası üçün əhəmiyyətli hadisə adlandırıb. “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”
Doğrudan da, bu gün işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq işləri həyata keçirilir, böyük şəhərlər, qəsəbələr salınır, ağıllı kənd layihələri icra edilir. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq minlərlə ailə öz dədə-baba yurduna köçürülmüşdür. Qayıdış prosesi hər gün davam etdirilir.
Həm 44 günlük Vətən Müharibəsi, həm də 2023-cü ilin sentyabrında 24 saatlıq antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun dünya üzrə reytinqi xeyli yüksələrək ön sıralarda yer aldı. Eyni zamanda Vətən Müharibəsi Xalq-Ordu birliyinin necə olduğununu bütün dünyaya nümayiş etdirdi. Xalq öz övladlarını müharibəyə böyük həvəslə yola salır, ön cəbhəyə hər cür yardım göstərirdi. Ölkə rəhbərliyinin siyasi iradəsi, uzaqgörənliyi, peşəkar ordu quruculuğu və xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı.
Bu gün Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, ən müasir silahlarla təchiz edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə yeni salınan hərbi hissələr, formalaşdırılan komando birliklər, xüsusi təyinatlı dəstələr hər zaman baş qaldıra biləcək təhdidlərə, təhlükələrə qarşı tam hazır vəziyyətdədirlər.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı