Ötən bazar günü Azərbaycan Prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan qaz birləşdirici kəmərinin istifadəyə verildiyi Serbiyanın Niş şəhərində işgüzar səfərdə olub. Azərbaycan rəhbərini Serbiya və Bolqarıstan prezidentləri Aleksandr Vuçiç və Rumen Radev çox səmimi qarşıladılar.
Üç ölkənin liderləri birlikdə Serbiya-Bolqarıstan interkonnektorunu təntənəli şəkildə işə saldılar və bu konnektor vasitəsilə Serbiya və Bolqarıstan Azərbaycandan qaz ala biləcəklər.
Mərasimdən sonra İlham Əliyev Bakının Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək planlarını açıqladı və qeyd etdi ki, 2027-ci ilə qədər respublika tədarük olunan qazın həcmini iki dəfə artırmalıdır.
“Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkədən yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun işə salınması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və o, həyata keçirilir. Bu memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya nəql etdiyi qazın həcmini iki dəfə artırmalıdır”, - deyə İlham Əliyev bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.