Eldar Mahmudovun revanşı – həbsdəki əmisi oğlu üçün hərəkətə keçdi
Sabiq nazir həbsdəki əmisi oğlunun azadlığa çıxması üçün hərəkətə keçib
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov köməkçisi olmuş – əmisi oğlu Vüqar Mahmudovun ən yüngül cəza ilə azadlığa çıxması üçün hərəkətə keçib. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, sabiq nazir köhnə əlaqələrini işə salaraq Vüqar Mahmudovun nəticə etibarı ilə məhkəmənin mümkün ən yüngül cəzası ilə cəzalandırılmasına çalışır. İddiaya görə, sonrakı mərhələdə isə Vüqar Mahmudovun şərti cəza ilə azadlığa çıxması ssenarisi nəzərdən keçirilir.
Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs edilib. Vüqar Mahmudov ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsini tutub. De-fakto isə nazirin köməkçisi və “qara kassası” funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İlkin olaraq ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub. Vüqar Mahmudovun barəsində 2017-ci il noyabrında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan müddət bir neçə dəfə artırılıb. Bu ilin iyununda ona qarşı əlavə ittihamlar irəli sürülüb. Yada salaq ki, “MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri, iş adamı Maqsud Mahmudov “Yeni Müsavat”a açıqlamasında Vüqar Mahmudovu ondan şəxsən 170 min dollar almaqda ittiham edirdi.