Kərkük bayatısı...
...ümidsiz-ümidsiz heçkimləşirsən,
...hələlik sabahkı ümidə əhsən!
...burda bir bayatı çəksəm yeridi,
Kərkük bayatısı-ümiddən əsən.
Ehey...anan ölsün qardaşım ümid-
qardaşım göylərin bulud köynəyi!
...altdan mismarladım, üstündən hördüm,
yenə uçuq qaldı ümid göynəyim.
...yenə təğyirlibas- xəfif və yüngül
ümidi Allaha bağlamaq da var.
...bələd olan bilir xuda xətrinə
hərgən ümidsizə ağlamaq da var.
Bir yara..
Mənim tərəfimi saxlayan öldü,
adam da qalmadı bax, tərəfimdə.
...uçdu dağ tərəfim-uçulu qaldı,
güllər həşəm oldu bağ tərəfimdə.
...qaranın üstündə ağ necə dursun?
...əcəli çatıbsa sağ necə dursun?
...mənim tərəfimdə haqq necə dursun?
Neylədim, durmadı haqq tərəfimdə.
...naləmin yanında qəmli ney nədi?
...bilmədim, can nədi, canda hey nədi!
...bir yara hələ də məni göynədir,
göynəyir bir yara sağ tərəfimdə.
...mən bütün gecəni oyaq qalıram!
...su indi qızıldı leysan əvəzi.
...necə dinsin, susmaq istəmədikcə-
ya Vəli, bax budu insan əzabı!
...tarix səhnəsində şair dövrüdü;
ya bazubənd dövrü ya sırğa dövrü!
..bəlkə ona görə artıram belə;
gecə əzabımın qasırğa dövrü.
...dərdli-dərdli baxan göz görmüsənmi?
...dərdi şifahidi, yaşı yazılı!
...bəlkə ona görə çox qaranlığam,
şeir də gecələr yaxşı yazılır.
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.