...bu torpaqda bir şair də mən idim-
ömürlülər- yüzillilər yurdunda.
...bu torpaqda bir şair də mən idim-
Nizamilər, Füzulilər yurdunda.
...Nizamilər, Füzulilər yurdudu-
beş verəndə bir borc alır şairi.
...bu torpaqda bir şair də mən idim-
canım-gözüm, bir Borçalı şairi!
Dediyimi heç danmıram...danım da!
Kimin başı zirvələrə tən idi?
...adlı-sanlı şairlərin içində
ətli-qanlı bir şair də mən idim.
*
Mən vaxt öldürənəm, vaxt öldürürəm...
...Allahdan günümə- baxtıma bax, bir!
...vaxt öldürənlərin vaxtıdı indi!
Sən indi dünyanın vaxtına bax, bir!
...mən vaxt öldürənəm, öldürdüm vaxtı!
Vaxtı öldürənlər haqq dəlisidi...
Budu, öldürmüşəm bu günümü də;
Əlimdə bu günün vaxt ölüsüdü.
...öldürüb atıram ömürdən çölə,
vaxtın ölüsünü daşımıram ki!
Mənimki beləcə vaxt öldürməkdi;
Mən vaxt öldürürəm, yaşamıram ki!..
*
...bu da bir var olmaq üsuludu, bax!
Sənin yarpaqsız da qıylanmağın var.
...əl boyda ümidə quruyan ağac,
ümidə nə gözəl boylanmağın var.
...yanar oddan uzaq çıtır-çıtır can,
od-ocaq yerində kül daşa düşər.
...sənə gül dilində bir söz deyərdim,
qorxuram dibində gül başa düşər.
Bağışla, unutdum adını da, bax!
..."ümidin kölgəsi" deyə çağırdım.
...baltaçı görmədi, baltalayardı!
Kölgə ümidiylə göyə baxırdı...
Paşa Talıblı
Rusiya...Volqoqrad...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.