AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bu il bir dərd məni yıxdı içimdən"-Paşa Talıblı

  • + A
  • - A
  • 30-10-2021, 17:30


    Hal-hazırda qəriblikdə-Rusiyanın Volqoqrad şəhərində yazıb-yaradan həmyerlimiz, Azərbaycan poeziyasının "80-cilər" ədəbi nəslinin istedadlı nümayəndələrindən olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblının imzası mütəmadi olaraq ədəbi orqanlarımız vasitəsilə ölkə ictimaiyyətinin, oxucularımızın görüşünə gəlir.
    Dərviş ruhlu şairimizdən bir neçə yeni şeir:

    Tanrı yolçuluğu...

    ...mən səni yollarda görmüşəm elə;
    sən yenə yoldasan durub gedirsən.
    Yolun damarını tutmusan daha,
    yolun damarını qırıb gedirsən.

    Durma, çək bu yolnan öz karvanını,
    keçən karvanlara əlini qaldır.
    ...yolun üzüqoylu düşüb torpağa,
    əyil bu torpaqdan yolunu qaldır.

    Yolçu yolda gərək-deyib babalar...
    ...sonun da sonrası yol olub ancaq!
    ...üzünü yollara sürtüb ağardıb,
    yolçunun Tanrısı yol olub ancaq!

    Mən səni yollarda görmüşəm elə...
    ...açıqdı yolların gözü sabaha.
    Bu qədim karvanda karvanbaşısan;
    çəkib aparırsan SÖZü sabaha...

    Günün son xəbərləri...

    ...dilin topuq çalır, qopuz ha çalmır!
    ...uğursuz yolları kim uğurladı?
    ...eh, odu Prometey oğurlamışdı,
    sən də Allahından gün oğurladın.

    ...tutulmamış oğru hamıdan doğru!
    ...aydın həqiqəti kim ağır anıb?
    ...efirdə də günün son xəbərləri--
    "Allahın evindən gün oğurlanıb"

    Özgə nə qaldı oğurlanmamış...
    Poeziya axşamı, Araz günləri!..
    ...odu da Prometey oğurlamışdı!
    Od istədi ilin ayaz günləri...

    Çözə bilmədiyim sirlər...

    ...bu necə ömürdü, nə xanlığı var,
    bu necə ömürdü, nə cəlladı yox!
    ...mənim yaşadığım kimin ömrüdü,
    mənim yaşadığım ömrün adı yox!
    Mənim yaşadığım mənimkidimi...
    ...dadı yox, tamı yox! Necə ömürdü?
    ...çözə bilmədiyim sirr içində yox!
    Bir yuxu içində keçən ömürdü...
    Bu nədi...yuvası özgə sinədə;
    özümə də yaddı, özgəsinə də!..
    Vallah, mən özümdən söz çıxartmıram,
    qaş düzəldən yerdə göz çıxartmıram!
    ...gücüm bu ömürnən nəyə çatır ki?!
    ...təngnəfəs umudnan gün sozalınca
    bir qərib qəmküsar sözün dalınca
    uzağı özümü teyləyə billəm,
    uzağı toxunnam nar çiçəkləyər,
    uzağı röyamda qar çiçəkləyər.
    Bir böyük adam da deyiləm elə...
    Balaca ömürnın neyləyə billəm?!
    ...bu necə ömürdü nə xanlığı var,
    bu necə ömürdü nə cəlladı yox!
    ...mənim yaşadığım kimin ömrüdü,
    mənim yaşadığım ömrün adı yox!

    Tapşırma...

    Bu il bir dərd məni yıxdı içimdən,
    bir dərd ürəyimi aşırdı bu il.
    ...atamın torpaqla görüşü oldu,
    atamı torpağa tapşırdım bu il.

    ...dərdlərin içində bu dərd başqadı,
    dərdlər sırasında bu dərd daşdadı.
    ...bu ilin soyuğu məndən başladı,
    atamı torpağa tapşırdım bu il.

    Daha bu torpaqdan yoxdu təmizi,
    eh, daha bu dərddən yoxdu əzizi...
    ...atasız adamam daha, əzizim!
    Atamı torpağa tapşırdım bu il.

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR