Rəqqas-xoreoqraf Şəhriyar Cəfərov komandası ilə aylarla dəvət olunduğu Türkiyədə keçiriləcək muzikl-şouya hazırlaşıb. Səfər ərəfəsi məlum olub ki, çəkilən əziyyəti mənimsəmək istəyirlər. Hadisəni rəqqas-xoreoqraf Şəhriyar Cəfərovun Azadmedia.az-a göndərdiyi məktubdan oxuyaq və inanaq ki, haqsızlıq edənlər öz cəzasını alacaq:"Mən rəqqas-xoreoqraf Şəhriyar Cəfərov bu ilin iyun ayında Türkiyədən Serhat Turak tərəfindən "Kardeşlik Destanı" adlı myuzikl-şouya Azərbaycanlı xoreoqraf olaraq dəvət olundum. Adından da göründüyü kimi layihə Azərbaycan-Türkiyə qardaşlığından bəhs edir. Bir vətənpərvər insan olaraq layihə mənə çox maraqlı gəldi və layihəyə dəvəti məmnuniyyətlə qəbul etdim. Bütün yayı biz rəqqaslarla gərgin iş rejimində çalışdıq. Proektin demək olar ki, bütün hissəsini təşkil edən rəqslərə quruluş verdim. Üç ay gərgin məşqlər keçirildi. Layihədə Azərbaycandan dəvət alan rəqqaslar da var. Layihədəki bütün Azərbaycan folklor rəqslərinə quruluşu mən vermişəm, eyni zamanda modern balet quruluşlarım da var. Demək olar ki, şounun rəqslərinin çox hissəsinin müəllifi mənəm xoreoqraf olaraq...
Premyeraya bir neçə gün qalmış layihənin rəhbərinin işimə müdaxilə etməsinə görə, məndən icazəsiz və mənim xəbərim olmadan rəqslərimdə dəyişiklik etmək istədiyinə görə, rejissor kimi bütün işi öz adına çıxdığına görə mübahisəmiz düşdü və mən bu səbəbdən proekti tərk etdim. Çox gözləsəm də rəhbər tərəfdən heç bir açıqlama, üzr, geri çağırış olmadı. Proektin ideya müəllifi və rəhbəri olan Sərhat Turakın bütün əməyi, quruluşları sanki öz adına bağlaması, sosial şəbəkələrdə, mətbuatda və Tv müsahibələrdə proektdəki rəqslərlə bağlı paylaşımlar edərkən,danışarkən layihənin xoreoqrafı kimi adımın çəkilməməsi, müəllif hüquqlarımın pozulması,əməyimin bu şəkildə dəyərsizləşdirilməsi məni çox rahatsız edib və üzüb. Onu da qeyd edim ki, tək mən yox,proektdəki digər xoreoqraflar da eyni hal ilə üzləşiblər. Bu bir rəqs şoudur ,yəni burda ağırlıq rəqslərədir. Müğənni ifaları və ya aktyor oyunları deyil, məhz rəqslər şounu təşkil edir. Belə olan halda şounun rəhbərinin xoreoqraflara qarşı belə davranışı yolverilməzdir! Bundan əlavə mənim quruluş verdiyim, 3 ay boyunca gərgin iş rejimində çalışıb məşqlər edib ərsəyə gətirdiyim rəqslər "Kardeşlik Destanı" layihəsi çərçivəsindən kənar olaraq digər tədbirlərdə də səhnəyə çıxardılmışdır. Fikrimcə bu bir xoreoqrafa, bir müəllifə qarşı edilən hörmətsizlikdir, sənətə qarşı hörmətsizlikdir və görülən işə qarşı məsuliyyətsizlikdir. Buna görə də mən öz müəllif hüquqlarımı qorumaq naminə Türkiyə Cümhuriyyətinin hüquq qanunlarına inanaraq məhkəməyə müraciət etməyə hazırlaşıram".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.