Ordudakı casus şəbəkəsi ilə bağlı ciddi araşdırmalar gedir
Üzeyir Cəfərov: ““Casusların, xainlərin dindiriləndən sonra öldürülməsi haqda məlumatlar doğru deyil” ; Pənah Hüseyn: “Prosesin orduya və Azərbaycan əsgərinə qarşı növbəti təxribata çevrilməsinə yol verilməməlidir”
Düşmənə işləyən hərbçilərlə bağlı geniş müzakirələr aparılmaqdadır. Məlumat azlığı, orduda baş verən son dərəcə ciddi olayla bağlı informasiyaların xəsisliklə verilməsi bəzi hallarda şayiələrin yayılmasına, olmayan, baş verməyənlər haqda yalan, heç bir əsası olmayan xəbərlərin yayılmasına səbəb olub. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev açıqlaması müzakirələri bir qədər də qızışdırıb. Xidmət rəisi deyib ki, casusların ordumuza yerləşməsi bir günün, beş günün işi deyil.
“Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezident tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Müdafiə Nazirliyi rəhbərliyinin prezidentin tapşırıqlarını düzgün icra etməsinin nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq da öz qiymətini verəcək”, - deyə o əlavə edib.
Orduda baş verənləri “Yeni Müsavat”a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, casusların ordumuza yerləşməsi keçmiş SSR-i zamanından gerçəkləşdirlib: “DTX rəisinin sözlərindən də aydın oldu ki, söhbət Azərbaycan silahlı qüvvələrinə yeridilmiş şəbəkədən gedir. 1993-94-cü illərdə döyüş bölgəsində olmuşam. Atəşkəs imzalanana qədər Füzuli döyüş briqadasında belə hallar demək olar ki, yox idi. Sonrakı illərdə vaxtilə xidmət etdiyim hərbi hissədə belə xoşagəlməz olay baş vermişdi. Zabit Azər Aslanovun anasını erməni kəşfiyyatçıları girov götürmüşdülər. Bundan sonra Azər Aslanovu erməni kəşfiyyatı ilə əməkdaşlıq etməyə məcbur etmişdilər. Bu məsələnin üstü sonradan açılmışdı. Hərbi-əks kəşfiyyat idarəsi bu faktı müəyyən etdi və Azər Aslanov həbs olundu. Son hadisələri təkcə ordunun adı ilə bağlamaq düzgün deyil. Konkret olaraq çoxsaylı mülki şəxslərdən söhbət gedir”.
Hərbi ekspert vurğulayıb ki, hadisələri qabaqlamaq istəmir. Bildirir ki, prezidentin nəzarəti altında aparılan araşdırmaların çox ciddi nəticələr verəcəyinə şübhə etmir: “İşdə mülki vəzifəli şəxslərin çox ciddi fəaliyyəti olub. Hazırda məsələ ətrafında istintaq hərəkətləri aparılır. Gözləmək, səbr etmək lazımdır”.
Ü.Cəfərov deyir ki, casus qalmaqalı ilə bağlı mətbuatda, xüsusən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayılır: “Casusların, xainlərin dindiriləndən sonra öldürülməsi haqda məlumatlar doğru deyil. Müvafiq hökumət qurumları müəyyən məlumatları verməlidirlər ki, cəmiyyətdə şayiələr həqiqətləri üstələməsin. Düşmən yaranmış informasiya boşluğundan özünün maraqları çərçivəsində istifadə edir. Məsələn 2015-ci ildə ordudan tərxis olunmuş polkovnik-leytenant Rafael Əhədovun guya ermənilərlə əməkdaşlıq etməsi haqda həqiqətə uyğun olmayan məlumatlar yayılır. Guya o, əsgərləri ermənilərə satan zabitdir. Halbuki onun bu məsələlərlə heç bir əlaqəsi olmayıb. Onun bir vaxtlar yaşadığı Anastasiya Volkova adlı qadınla münasibətləri korlanıb. Həmin qadın da zabiti ermənilərlə işbirliyində günahlandırıb. Əslində isə bu məsələnin son hadisələrlə heç bir əlaqəsi yoxdur. Yayılmış bu xəbər informasiyaya olan tələbatın doldurulmasına xidmət edən dezinformasiyadır. Belə dezinformasiyaların olmaması üçün zaman-zaman müəyyən rəsmi məlumatların verilməsinə çalışmaq lazımdır”.
Belə məlumatlar yayılır ki, uzun müddət həmin ərazidə yerləşən hərbi hissələrin heyəti dəyişdirilməyib. Bu da casusların işinin fasiləsizliyinə xidmət edib. Belə bir addımların atılması nə dərəcədə real ola bilər?
Ü.Cəfərov deyir ki, hərbçilərin rotasiya qaydasında yerlənin dəyişdirilməsi daimi bir prosesdir: “Demək ki, dəyişiklik olmayıb, bununla razı deyiləm. Həmin hərbi hissələrdə son vaxtlar xeyli insanlar rotasiya qaydasında digər hərbi hissələrə köçürülüb. Amma müəyyən suallar var və cavab verilməsi üçün işlər görülür. O fikirlə razı deyiləm ki, rotasiya olmayıb. Olub, amma müəyyən boşluqlar da görünür ki, olub. Bu boşluqların ümumilikdə hərbi hissənin həyat və faəliyyətinə təsir etdiyini düşünmək məncə düzgün deyil”.
Yayılan məlumatlardan belə aydın olur ki, gerçəkləşdirilən istintaq tədbirləri nəticəsində saxlanılanlar yüzlərlədir, tutulanlar arasında zabitlər çoxluq təşkil edir. Ü.Cəfərovun bu məlumatlara münasibəti belə oldu: “Saxlanılanların hər biri casusdur demək doğru deyil. İstintaqın borcudur ki, bu məsələləri araşdırsın. Müəyyən etsin ki, bu adamların həmin işlərdə ilişkisi var və ya yoxdur. Saxlanılan bu qədər hərbçinin ermənilərlə əlbir olduğunu söyləmək düz deyil. İşin həcmi çox böyükdür, araşdırmalar çərçivəsində də xeyli şəxsin saxlanılması, dindirilməsi, istintaqa cəlb olunması mümkündür. O demək deyil, istintaqa cəlb olunan hər bir şəxs ermənilərə casusluq edib”.
Ü.Cəfərov deyir ki, iş üzrə aparılan istintaqın ortaya çox ciddi nəticələr qoyacağına əmindir: “Ortada çox çirkin bir plan olub. Plan baş tutsaydı, Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün fəlakət olardı. Bu çirkin planı Müdafiə Nazirliyinin müvafiq qurumları aşkarlayıb. Bəlkə də bir çoxları şoka düşəcəklər istintaqın nəticəsində atılacaq addımlardan. Hazırda texnologiyalar əsridir. Kimin kiminlə nə vaxt, harada, neçə saat, dəqiqə, saniyə danışdığını bilmək son dərəcə asandır. Bu əlaqələrin araşdırılması bütün suallara aydınlıq gətirəcək. Şəbəkəyə daxil olan mülki, qeyri-mülki, vəzifəli şəxslərin dairəsi də müəyyənləşdiriləcək”.
Hərbi ekspert deyib ki, hazırda bütün aidiyyatı qurumların iştirakı ilə tədbirlər həyata keçirilir. Yaxınlarda nəticələr ortaya qoyulacaq.
Sabiq deputat, Elçibəy iqtidarının baş naziri olmuş Pənah Hüseyn DTX sədrinin açıqlamasına münasibət bildirərkən deyib ki, 90-cı illərdə, ondan sonrakı dövrlərdə orduda, dövlət orqanlarında düşmən təxribatçıları olub: “Təhlükəsizlik orqanlarının vəzifəsi belə təxribatçıları müəyyən edib, zərərsizləşdirməkdən ibarətdir. Konkret olaraq hazırda aparılan təhqiqatın məzmununun nədən ibarət olması, kimlərin cəlb olunması haqda informasiya qıtlığı var. İstintaqa cəlb olunmuş şəxslərin çərçivəsi məlum deyil. Təhlükəsizlik xidməti rəisinin açıqlaması cəmiyyətdə əlavə şayiələrə yol açıb. Bəzi məlumatlarda baş verənlərdə çox yüksək rütbəli zabitlərə işarələr var. Bəziləri indiki iqtidarın bütün günahların səbəblərini 80-90-cı illərlə əlaqələndirməsi şablonuna uyğun açıqlama olduğunu hesab edirlər. Bu hadisə ətrafında informasiya siyasəti olduqca bərbad qurulub. Ordu haqda şayiələr baş alıb gedir. Ona görə də bu məsələ barədə açıq-aydın məlumatların ötürülməsinə ehtiyac yaranıb. Ölkənin milli maraqları və təhlükəsizliyi üçün fəsadlar aradan qaldırılmalıdır”.
P.Hüseyn müvafiq qurumların baş verənlərlə bağlı gerçəkləşdirdiyi informasiya siyasətinin səriştəsizlikdən bu şəkil aldığını söyləyə bilməyəcəyini qeyd edib: “Bu hadisə haqda əvvəl məlumat yayıldı, sonra məlumatların yayılmasına qadağa qoyuldu, daha sonra şayiə tipli məsələlər yayıldı. Fikrimcə, hazırkı durum zərərlidir. Ölkənin təhlükəsizlik maraqlarına cavab vermir. Mütəxəssislərlə birgə müzakirələr aparılmalı və siyasi qərar qəbul olunmaldır. Xəyanət etmiş şəxslərə kimliyindən, vəzifəsindən asılı olmayaraq güzəştdən söhbət gedə bilməz. Həmin şəxslər cəzalandırılmalıdır. Bu məsələlərə göz yuman, vəzifə cinayətlərinə yol verən, vəzifəsi belə halların qarşısını almaq olan şəxslər də müəyyən olunub, qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdırlar”.
P.Hüseyn bildirib ki, baş verən olayların növbəti təxribatlara gətirib çıxarmasına yol vermək olmaz: “Azərbaycan siyasi mühitində olan, indiki iqtidara münasibətindən, müxalifətdə təmsil olunub-olunmamasından asılı olmayaraq bir çox şəxslər kimi məndə də əsas üstün olan fikir ondan ibarətdir ki, məsələnin orduya və Azərbaycan əsgərinə qarşı növbəti təxribata çevrilməsinə yol verilməməlidir. Bunun üçün qanun və aşkarlıq ən ciddi vasitədir”.