Hazırda əsas sual Suriyanın şimal-qərbində Dəməşqin nəzarətindən kənarda - Türkiyəyönlü müxalifətin və ya "Həyat Təhrir əl-Şam" terror qruplaşmasının nəzarəti altında olan ərazilərdə zəlzələnin nəticələrinin öhdəsindən gəlməyə kimin kömək edəcəyidir. Bu ərazidəki vəziyyətlə yaxından maraqlanan rəsmi Ankara hələlik Suriyaya diqqət ayırmır - o, öz problemlərini həll etməlidir. Azadmedia.az xəbər verir ki, zəlzələdən əvvəl BMT-nin hesablamalarına görə, bu ərazilərdə təxminən 4 milyon insanın daimi humanitar yardıma ehtiyacı vardş. Xüsusən də son aylarda yerli sakinlər vəba epidemiyası və qış soyuqluğu ilə mübarizə aparırdı. Bazar ertəsi axşam saatlarında zəlzələnin nəticələri barədə danışan BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq təşkilatın suriyalılara kömək etmək üçün topladığı əhəmiyyətli vəsait çatışmazlığına işarə edib. Təkcə bu il donorlar tələb olunan 800 milyon dollardan 371 milyon dollar vəd etmişdilər, bu, zəlzələdən əvvəl idi. İndi xərclərin artacağı şübhəsizdir.
Bundan əlavə, Suriyanın adıçəkilən bölgələrində yardımların göstərilməsi məsələsi bu ölkədə kiminlə və necə işləmək barədə mübahisəni bir daha gündəmə gətirib.
Xatırladaq ki, Dəməşq və Moskva uzun illərdir ki, Suriyaya bütün humanitar yardımların rəsmi orqanlar vasitəsilə həyata keçirilməsində israr edirlər. Bu səbəbdən Türkiyə ilə sərhəddə İdlibə humanitar yardımların göndərildiyi yalnız bir keçid məntəqəsinin işinə yaşıl işıq yandırdılar. Bu transsərhəd yardım mexanizminin uzadılması hər dəfə BMT Təhlükəsizlik Şurasında diplomatik döyüşlərə çevrilir. Nəticə - bu gün Suriyada zəlzələdən əziyyət çəkən sadə insanlar köməksiz qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.