Gürcüstan parlamentinin spikeri Papuaşvili: Gürcü xalqı qardaş İsraili dəstəkləyir
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili X sosial şəbəkəsində (keçmiş Twitter) gürcü xalqının təcavüzə qarşı mübarizədə qardaş İsraili dəstəklədiyini bildirib.
"İsrail dövlətinə qarşı əsassız, qəddar və qeyri-insani təcavüz qəbuledilməzdir", - Papuaşvili yazıb.
Gürcüstan parlamentinin sədri onu da vurğulayıb ki, dünyada belə zorakılığa yer olmamalıdır.
Azadmedia.az xatırladır ki, oktyabrın 7-də İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib ki, Qəzza zolağından olan terrorçular anklavdan iri raket hücumundan sonra İsrailin sərhəd bölgələrinə daxil olublar.
HƏMAS silahlıları İsraillə həmsərhəd şəhərlərə, eləcə də Təl-Əvivin bəzi hissələrinə raket zərbələri endirib. İsrailin müdafiə naziri Yoav Qalant Fələstinin radikal islamçı hərəkatının ölkəsinə müharibə elan etdiyini bildirib. Bunun fonunda Müdafiə Nazirliyinin rəhbəri ölkədə ehtiyatda olan hərbçilərin kütləvi toplanışını elan edib.
İtaliyanın xarici işlər naziri Antonio Tajani Qəzza zolağından İsrail ərazisinə edilən hücumları pisləyib. X sosial şəbəkəsindəki səhifəsində o, Fələstin tərəfini “zorakılığı dayandırmağa” çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.