AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Beynəlxalq Avtovağzalı sərnisindasımaya hazırdır - REPORTAJ

  • + A
  • - A
  • 28-05-2021, 02:33

    Bakı Beynəlxalq Avtovağzalı sərnisindasımaya hazırdır - REPORTAJ

    Mayın 31-i rayonlararası və şəhərlərarası avtobuslar fəaliyyətə başlayacaq. Elə bu münasibətlə media nümayəndələrinin avtovağzala media-turu təşkil olunmuşdu. Həmişə sərnişinlərlə qaynayıb-daşan avtovağzalda qəribə sükut vardı...
    Dezinfeksiya edənlər və təmizlik işləri ilə məşğul olanların həvəslə iş başlarında olması, onların da normal iş fəaliyyəti üçün darıxmasından xəbər verirdi. Yeməkxananın boş qalmış masaları, yarmarkanın boş piştaxtaları, sərnişinlərin gözləmə zalları, bir sözlə hər tərəf mənə sərnişin üçün qəribsəmiş təsiri bağışlayırdı. Bir ildən çoxdur ki, bağlı qalan Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gün sükutu media nümayəndələri ilə pozdu. Mayın 31-dən öz qapılarını rayonlararası və şəhərlərarası səyahət edən sərnişinlərin üzünə açacaq Bakı Beynəlxalq Avtovağzalında təşkil olunmuş media-tur pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımanın necə həyata keçiriləcəyinə həsr olunmuşdu. Təbii ki, bizi maraqlandıran suallar çox idi.
    Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 31 may tarixindən etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. Elə bu səbəbdən, artıq Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları və sərnişin gözləmə zalları dezinfeksiya olunur.
    Media nümayəndələri də aparılan dezinfeksiya işlərinə şahid oldular.

    Nuridə Allahyarova ilə söhbət zamanı öyrəndik ki, Bakı və 56 regionun avtovağzallarında hazırlıq işlərinə başlanılıb. Çoxunu maraqlandıran suala cavab aldıq - sərnişinlərdən COVID pasportu və ya digər sənəd tələb olunmayacaq. Amma hərarəti olan sərnişinlərin biletləri geri qaytarılacaq: "Pandemiya dövründə şəhərlərarası və rayonlararası sərnişindaşımaya icazə verilsə də, nəzərə almalıyıq ki, pandemiya başa çatmayıb. Ona görə də, bilet alan sərnişinlərin hərarəti ölçüləcək. Qızdırması və ya koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Biletləri isə geri qaytarılacaq, yaxud da başqa günə dəyişdiriləcək". DANX sözçüsü sərnişinlərə biletləri onlayn almağı məsləhət gördü. Tur zamanı tibb məntəqəsi ilə tanış olduq. Məntəqə ilk tibbi yardım ləvazimatları və qızdırma ölçənlərlə təchiz olunmuşdu.
    Nuridə xanım qeyd etdi ki, avtobuslarda sərnişinlər arasında ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra kondisionerlər işə salınacaq.
    Media nümayəndələrinə məlumat verildi ki, mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir. Nuridə xanımın sözlərinə görə, həmin gün regionlararası 450 min sərnişinin daşınması planlaşdırılır. Bu göstərici pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75 faizini təşkil edir. Yay ərzində rəqəmlərin artacağı gözlənilir.
    N.Allahyarovanın sözlərinə görə, sərnişindaşımada gediş haqqı qiymətlərində heç bir dəyişiklik olmayacaq. Qiymətlər pandemiyadan əvvəlki qayda ilə hesablanacaq.
    Bütün açıqlamalar bir sərnişin kimi ürəyimdən xəbər verirdi. Sadəcə bir xəbər məyus etdi, o da Naxçıvana sərnişin daşımanın hələ də bərpa olunmaması xəbəri idi. Naxçıvan ölkə ərazisi hesab olunsa da, İrandan yol keçdiyi üçün, Azərbaycan-İran arasında quru sərhədi pandemiya səbəbindən bağlı olduğundan hələki Naxçıvana sərnişindaşıma fəaliyyət göstərməyəcək.
    Naxçıvana müntəzəm xətlərin bərpası ilə bağlı suala Nuridə xanım cavab olaraq bildirdi ki, Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Tezliklə Naxçıvan MR-na səfərlər bərpa ediləcək.

    Elnurə Abuşova









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR