İyulun 12-də Bakıda Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı keçirilib. Liv Bona Dea Hospital və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki ölkənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən müəssisələrinin təmsilçiləri, millət vəkilləri, sahəyə aidiyyəti olan qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirin moderatoru AHTTSA sədri Ruslan Quliyev bildirib ki, bu konfransı təşkil etməkdə əsas məqsəd postpandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolunu dəyərləndirmək, bu sahədə beynəlxalq təcrübələrin öyrənilməsi və turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Konfransa internet vasitəsilə qoşulan “Liv” hospitallar şəbəkəsinin baş meneceri Meri İstiroti deyib ki, 2022-ci ildə dünyada 50 milyon insan sağlıq turizmindən istifadə edib, nəticədə turizm təsisatları 40 milyon dollar gəlir əldə edib. Onun sözlərinə görə, digər turizm növündən istifadə edən turist gəldiyi ölkədə 900-1000 dollar xərclədiyi halda, sağlamlıq turizmi məqsədilə gələn turist 5-6 min dollar xərcləyir. Bu sahədə Türkiyənin əldə etdiyi nəticələrə toxunan Meri İstiroti qeyd edib ki, 2023-cü ilin ilk 6 ayında ölkəyə sağlamlıq turizmi məqsədilə 1,5 milyon turist gəlib, nəticədə 5-6 milyard dollar gəlir əldə edilib: “Azərbaycanın da bu sahədə ciddi gəlir əldə etmək imkanları var. Son illər Bakıda və bölgələrdə geniş imkanlara malik sağlıq təsisatları qurulur. Öz təcrübəmizə əsasən deyə bilərəm ki, xüsusilə Yaxın Şərqdən və ərəb ölkələrindən sağlamlıq məqsədilə gələnlərin sayı getdikcə artır. Böyük bir xəstəxana şəbəkəsi olaraq turizm şirkətləri ilə yaxından əməkdaşlıq qurmaq istəyirik. Dövlət də bu məsələdə öz dəstəyini verməlidir. Xaricdən gələn xəstələrdən ƏDV alınmaması bu sahənin inkişafına güclü təkan verər. İnanıram ki, belə böyük imkanlarla Azərbaycan sağlıq turizmi bazarında önəmli yer tutacaq”.
“Liv Bona Dea” hospitalın baş direktoru Taner Özbek təmsil etdiyi xəstəxana şəbəkəsi barədə məlumat verərək qeyd edib ki, 2013-cü ildə Türkiyə markası olaraq fəaliyyətə başlayıblar, hazırda 27 xəstəxanaları mövcuddur. Azərbaycanda isə 2018-ci ildən fəaliyyətdədirlər. 209 yataq yerinə malik olan xəstəxanada eyni anda 14 əməliyyatxana çalışa bilir. Xəstəxanada müxtəlif orqanların transplantasiyasından tutmuş plastik cərrahiyyəyə qədər bütün istiqamətlərdə xəstə qəbul etmək imkanlarına sahibdirlər. Taner Özbek diqqətə çatdırıb ki, xəstəxanada fəaliyyət göstərən əksər həkimlər Türkiyədə oxumuş və təcrübə keçmiş mütəxəssislərdir.
“Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov bildirib ki, bir neçə il əvvələ qədər daha çox azərbaycanlılar müalicə məqsədilə digər ölkələrə gedirdilər. İndi isə başqa ölkələrdən müalicə məqsədilə Azərbaycana gəlirlər və onların sayı ilbəil artır. Bu isə onu göstərir ki, Azərbaycanda sağlamlıq turizmi inkişaf edir. İndi qarşıda duran əsas iş bu inkişafı daha da sürətləndirmək və gələn turistlərin sayını artırmaqdır. Bunun üçünsə sektor təmsilçilərinin, dövlət qurumlarının bir-biri ilə əlaqəli çalışması, mövcud problemləri birlikdə həll etməsi vacib şərtdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün geniş perspektivin olduğunu deyib, bununla bərabər bu sahədə yüksək nəticələr əldə etmək üçün vizasız rejim tətbiq edilən ölkələrin sayının artırılmasının, ƏDV-nin ləğvinin, nəqliyyat qiymətlərinin azaldılmasının vacib şərtlər olduğunu diqqətə çatdırıb.
Daha sonra deputat Müşfiq Məmmədli, Azərbaycan Sahibkarlar Konfederasiyası sədrinin müavini Vüqar Zeynalov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sağlamlıq turizmi üzrə mütəxəssis Çingiz Hacıyev çıxış edərək sağlamlıq turizminin inkişafına mane olan səbəblərin aradan qaldırılması istiqamətində təkliflərini səsləndiriblər, eyni zamanda mövcud imkanlardan səmərəli istifadə etmək üçün vacib olan amillərdən danışıblar.
Fəxriyyə ABDULLAYEVA