AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diqqətdən kənarda qalan döyüşçü-jurnalist etiraz etdi

  • + A
  • - A
  • 26-06-2021, 12:13


    Peşəkar jurnalist, xaricdə yaşayan azərbaycanlıları tapıb aldığı maraqlı müsahibələri ilə tanınan Hafiz Əhmədov da səhlənkarlıq nəticəsində medaldan kənarda qalan döyüşçülərdəndir. Bu barədə o, şəxsi facebook səhifəsində yazaraq 247 könüllü əsgərlə diqqətdən kənarda qalmasına etiraz edib. Azadmedia.az Hafiz Əhmədovun yazdıqlarını olduğu kimi dərc edir:

    "247 Könüllü Əsgər Qardaşımla birlikdə bizə də Vətən Müharibəsində Azərbaycan Ordusu üçün xidmət etmişik. Əclaf düşmən ordusunda xidmət etməmişik!
    Çox təəssüflər olsun. Budurmu ədalət, humanizm! Nə mənim 247 Könüllü Əsgər Qardaşlarım, nə çox dəyərli, peşəkar Komandirlərimiz, nə də Komandirlərimizin Komandirləri adi bir medalla da təltif olunmadılar! Təkcə xidmət etdiyimiz hərbi hissənin komandiri Vətən Müharibəsi Qəhrəmanı oldu. Bir də müavinləri! Budurmu Azərbaycan Ordusuna verilən dəyər, hörmət?! Biz Vətən Müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının tərkibində xidmət etdik. Hərbi biletlərimizə də qeyd olunub bütün döyüş yolumuz, azad edilən rayonlar, möhür də vurulub. Amma hərbi hissədən bildirildi ki, adlarımız əmrə vurulmayıb! Nə üçün?! Tam bir saxtakarlıq! Kimin oyunudur bilmirik!

    ‌Nəyin ki, biz 247 Könüllü Əsgər, hətta bizim əmrlərini icra etdiyimiz heç bir KOMANDİRlərimizin adları da əmrə vurulmayıb. Axı necə ola bilər ki, hərbi hissə komandiri Vətən Müharibəsi Qəhrəmanı olan böyük, döyüşən bir hərbi hissənin heç bir heyətinə medal verilməsin?! Bəyəm bütün işləri yalnız hərbi hissə komandiri və müavini həyata keçirib?! 44 gün yalnız o, vuruşub?! Yoxsa Hərbi Hava Qüvvələri (HHQ), Hava Hücumundan Müdafiə Qoşunlarını (HHMQ) Azərbaycan Ordusu hesab etmirsiniz?! Bizi, yüzlərlə Könüllü Əsgəri, siz Səfərbərlik Xidməti müharibə başlamamışdan bir həftə öncə, yəni sentyabrın ayının 21-də gecə avtobuslarla mal kimi naməlum istiqamətlərə daşıdınız. Heç imkan da vermədiniz ki, ailəmizlə də sağollaşaq. Gecə saat 4-də biz 247 mülkü gəncə bir meydanda paltarlarımızı tam çıxarıb hərbi formalar geyindirdiniz. Heç nə başa düşmürdük. Səhər saat 7-də 247 mülkü gənci plasa düzdünüz adi sıravi əsgər kimi! Əmrlər verdiniz! Nəhayət həmin hərbi hissənin indiki Vətən Müharibəsi Qəhrəmanı olan komandiri qarşımıza çıxıb əmrlər, göstərişlər verdi. Cəmi bir neçə saat ərzində biz adi mülkü vətəndaşları sıravi əsgərdən də betər vəziyyətə saldınız. Hərbi Hissənin qapısından bir addım çıxsaq cinayət işi açılacaq dediniz. Hər gün Nazirlikdən ən yüksək rütbəli zabitləriniz gəlib çıxış edirdi, dərs keçirdilər, bizə-könüllü olduğumuz üçün təşəkkür edirdilər. Müharibəyə ruhlandırırdılar. Müharibəyə hazırlıq gedirdi. Budurmu sizin vəfa borcunuz ay Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri?! Müharibədən öncə bizi alqışlayırdınız. Müharibə qurtarıb medal alveri başlayanda adlarımızı əmrdən çıxarıb öz adlarınızı yazdırdınız. Tam sizə məxsus bir hərəkət!!! Hərbi biletimizə yazdıqlarınızı əmrə yazmağa cəsarətiniz çatmadı, yoxsa yuxarıdan göstəriş belə verildi?! Bizi Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) sıralarına siz gətirdiniz. 21 sentyabr gecə saat 5 tamamda üstümüzə vəzifələrimizi də biçdiniz. Hamımızı bu qoşun növündə vəzifələrə təyin etdiniz. Hərbi biletlərimizdə hər şey qeyd olunub! Komandiri ən yüksək ordenli - Vətən Müharibəsi Qəhrəmanı olan nəhəng bir hərbi hissənin qəhrəman şəxsi heyətinə bir dənə də olsun medal verilmədi. O hərbi hissə komandirinin döyüş vaxtı bütün əmr-göstərişlərini bizim Qəhrəman Divizion Komandirləri, Batareya Komandirlərinin şəxsi heyəti və biz Könüllü Əsgərlər icra edirdik. Çox təəssüflər olsun ki, bizim Qəhrəman Komandirlərimizin, onların əsas döyüş heyətlərinin heç birinin əməyi zərrə qədər dəyərləndirilmədi. O hərbi hissə komandiri boş-boşuna Vətən Müharibəsi Qəhrəmanı olmayıb!!! Şəxsi heyətinin əməyini sıfıra sayıb kimisə ucaltmaq heç kimə baş ucalığı gətirməz!

    ‌Hava Hücumundan Müdafiə Qoşunlarının qəhrəman şəxsi heyətinə verdiyiniz dəyər budur?! Adamlar 44 gün can qoydular. Biz könüllü əsgərlər də onların əmrlərində idik. Adi bir əmrlərini icra etmədiksə namərd olaq!!! Nə dedilər vaxtında, dəqiq yerinə yetirdik! Ona görə də müharibədə qalib olduq. Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) medalsız, qəhrəman Komandirlərinin əməyi nəticəsində düşmənin yüzlərlə raketi, pua-sı hava məhv edildi. Düşmən yalnız döyüş meydanında savaşmırdı. Mülkü insanlarımız, ən strateji dövlət obyetlərimiz düşmən hədəf idi. Bu gün bir medala da layiq görə bilmədiyiniz HHMQ heyəti tərəfindən düşmənin bütün mənfur planları alt-üst edildi. Azərbaycan HHMQ-nin peşəkar heyəti olmasaydı bu müharibə böyük fəlakətlərə səbəb olardı, ermənilər rusun raketləri ilə Azərbaycan hava məkanını yararaq ölkəni viran edərdilər. Bu gün bir medala da layiq bilmədiyiniz həmin Komandirlər, şəxsi heyət idi Azərbaycanın Hava Məkanını qorudu, mühafizə etdi. Havada torpaq olmur ki, biz də alaq! Səmanız aydın idi. Peşəkar HHMQ heyəti olmasaydı cəmi 10 saniyə ərzində bu gün medal paylayanların isti ofisləri havaya sovrulmuşdu!

    ‌Hava Hücumundan Müdafiə Qoşunlarını (HHMQ) Azərbaycan Ordusundan saymırsınızsa açıqlayın Azərbaycan Xalqı da bilsin! Əgər belə olmasaydı Azərbaycan HHMQ-nin də öz Komandanı olardı. Yoxsa HHQ komandanı Ramiz Tahirovun özü medallar alanda bir dönüb HHMQ heyətini də yada salardı...

    ‌Dəhşətli müharibələrin baş verdiyi hazırkı dünyada Hava Hücumundan Müdafiə Qoşunları ən önəmli qoşun növü hesab edilir. Azərbaycanda isə tam əksi, ən dəyərsiz, əməyi, əziyyəti heçə sayılan məhz bu qoşun növü imiş!!! Çox təəssüflər olsun!

    ‌Amma mən, şəxsən Vətən Müharibəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarında Könüllü Əsgər olduğum üçün hər zaman qürur duyacam! Divizion, Batareya, Tağım Komandirlərim, zabit ,gizir, Maxe, Könüllü əsgər yoldaşlarımla, bütün Şəxsi heyətimizlə qürur duyuram. Medallarımız olmasa da alnımız açıqdır. Biz bu Vətənə xidmət etdik!

    ‌ Bizim aramızda satqın, xainimiz də heç olmadı. Ona görə də əl-ayağımız, başımız da üstümüzdədir. Bizim Komandirlər vəzifə, ad-san, nələr və kimlər üçünsə şəxsi heyətlərini qurban vermədilər. Kimsələrin nahaq qanına əlləri batmadı. Əsl Qəhrəman da belə olur!!! Yoxsa səhv qərarlarla minlərlə insanın qanının tökülməsinə səbəb ol, 5 dənə medal, fəxr ad al, əlini də belinə qoyub de ki "mən qəhrəmanam". Sən get birinci o Şəhidlərimizin ruhu qarşısında vicdanını təmizlə!!!

    Ermənilər Gəncəni də hədəf seçmişdilər. Bir gecədə raketlərlə mülkü sakinlərimizi qanlarına qaltan etdilər. Həmin hadisədən bir saat sonra bizim 35 nəfərlik heyəti də təcili o ərazilərə göndərdilər. Mənim Qəhrəman Komandirlərim, şəxsi heyətimiz ermənilərin Gəncəyə yenidən göndərdikləri hədəfi havadaca, çox uzaq məsafədən məhv etdi. Bu atışımız Vətən Müharibəsinin ən peşəkar raket atışı idi. Videonu da paylaşmışam... Nəticədə Gəncədə ikinci dəhşətli faciənin baş verməsinin qarşısını alındı. Bunun üçün medalsız, əsl Qəhrəmanlarımıza Q. Bəyalı, R. R. Fəridə, bütün şəxsi heyətimizə minnətdar olmalıyıq!

    Başqa bir qəhrəman gənc Komandirimiz düşmənin iki 2 Su-25, 4 pua-sını havada məhv etmişdi. O da bir medala layiq görülməyib. Bu sadəcə dəhşətdir. Bilirsinizmi ki, erməni ordusuna nə qədər ziyan vurub?!

    Gəlin bir az da mənim Könüllü Əsgər Qardaşlarımdan danışım. 44 gün çiyin-çiyinə olduğumuz Qəhrəman Qardaşlarım. 247 nəfər idik. HHMQ-dakı mənim Könüllü Əsgər Qardaşlarım bunlardır!

    -Qardaş hardasan, nə edirsən?
    ‌-Günün altında 20 qəpiyə təkər qaraldıram.
    ‌-Kəndin qoyunlarını otarıram dağda.
    ‌-10 manata qəbir qazıram.
    ‌-Ölü yerlərində ofsiantlıq edirəm.
    ‌-Taksi sürürəm,
    ‌-Parnikdə fəhləlik edirəm.
    ‌-Daş daşıyıram.
    ‌-Kartof sahəsində fəhləlik edirəm.
    ‌-Qarğı satıram.
    ‌-İş yoxdu, "it teyliyirəm...."
    ‌ Bunlar mənim Vətən Müharibəsində Könüllü Əsgər Qardaşlarımdır. Vətən Müharibəsindən bir həftə öncə gecə qazel-avtobuslarda heç bir məlumat verilmədən evlərindən çıxarılıb naməlum istiqamətlərə aparılan, gecə saat 4-də bir çöldə əyinlərində paltarları çıxarılıb hərbi forma geyindirilən, səhər saat 7-də nizami əsgər kimi sıraya düzülən Azərbaycan Gəncləridir. Kasıbın, yoxsulun əliqabar, mərd balalarıdır. Bu Vətənin haqları tapdanan qəhrəman gəncləridir. Bu Vətənin bir medala layiq görülməyən Könüllü Əsgərləridir. Biz dar gündə Vətənimizi, Ordumuzu tək qoymadıq. Müharibə ölüm deməkdir. Müharibədə Könüllü Əsgər olmağın nə demək olduğunu biz yaxşı bilirik! Medal paylayanlar hardan bilsinlər, onlar evlərindən kimsə müharibəyə könüllü gedib?! "Siz könüllüsünüz bunu etməlisiniz, onu da etməlisiniz, hər şeyi etməlisiniz. Axı siz könüllü gəlibsiniz!" 44 gün it kimi çalış, vuruş sonda da adlarımız əmrdən çıxarılsın. Niyə, nə üçün?! Axı biz bu Vətənin Könüllü Əsgərləriyik!!! Əsas kabinetindən kənara çıxmayanların kefi kök olsun. Qələbənin sahibi təkcə generallar, ulduzlar deyil, bu Vətənin yoxsul, kasıb ailələrinin əliqabar, mərd balalarıdır! Hansı ki, həmin qəhrəman gənclərin əməyini zərrə qədər dəyərləndirmədiniz! Hamısı mənə zəng edib soruşurlar, "deyirlər ölkədə bizdən başqa hamıya medal veriblər..." Bəziləri öz dost, tanışlarının yanında utanırlar!!! Çünki onların da haqqını yedilər. Bircə nəfər də olsun imkanlının, vəzifə sahibinin balası bizim sıralarda deyildi. Adi kənd icra nümayəndələri, bələdiyyələrin də övladı sıramızda yox idi. Hamısı kasıbın balaları idi. Ölümə aparmışdılar, amma ölmədilər! Qəhrəman oldular! Ona görə də haqqlarını yedilər! Nazir, məmur, deputat, sədr, rəhbər balaları atalarının gül balalarıdır. Vətən müharibəsində hansı cəbhədə vuruşurdular?! İnsanlar vardı ki, minlərlə manat pul tökürdülər icra nümayəndələrinə, komissrlıqlara, həkimlərə ki, övladlarını müharibəyə aparmasınlar. Pul verib qazellərdən uşaqlarını çıxarıb qaçırırdılar. Harda hərbi geyimli adam görən kimi cibinə pul basırdırlar ki, gül balalarını incidən olmasın?! Bəs biz...?! Hara apardılarsa getdik, nə dedilərsə etdik....Biz bu Vətənin yoxsul övladları, Könüllü Əsgərləri idik... Əslində o qədər yazılası məqamlar var ki....... Çox heyf...

    76 min nəfərin təltif edilməsi xəbərini oxuyanda sadəcə olaraq dəhşətə gəldim. Öz özümə düşündüm ki, görəsən biz həqiqətənmi Azərbaycan Ordusunda xidmət etmişik?! Biz də ölsəydik Qəhrəman adı, medal da verəcəkdiniz?! Çox təəssüflər olsun...

    Mən isə öyrənmişəm artıq. Jurnalist kimi də illərdir ki, haqqım yeyilir... Hamı yaxşı bilir ki, müharibəyə də şəxsən könüllü yazılıb getmişdim. Gedib Tovuz rayon Hərbi Komissarlığında giriş qapısının yanındakı otaqda saxlanan göy üzlü dəftərdə adımı oxuya bilərsiniz. O vaxt heç mənə demədilər ki, sizə medal veriləcək... Təxris olana qədər, 99 gün hərbi formamı üzərimdən çıxarmadım!

    Hara gedirəmsə min haqsızlıqlarla qabaqlaşıram. Düşünürəm ki, hətta gedib İrəvanı da alsaq yenə mənim kimi yüzlərlə gəncə bu Vətəndə yaşamağa yer tapılmayacaq".
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR