AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub

  • + A
  • - A
  • 29-08-2024, 11:04

    İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub


    Ötən ilin avqust ayından başlayaraq orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına 2023-cü ilin avqust ayından cari ilin avqust ayına kimi 145 transplantasiya əməliyyatı icra olunub. Bu əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilib.
    Orqan transplantasiyası - sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsidir.
    Qaraciyər transplantasiyası qaraciyər sirrozu, bəzi anadangəlmə və genetik xəstəliklər, qaraciyər xərçəngi zamanı tövsiyə edilir. Böyrək transplantasiyası böyrək çatışmazlığının terminal stadiyasında olan xəstələr üçün ən uyğun müalicə üsulu olaraq qəbul edilir. Sümük iliyi transplantasiyası zədələnmiş və ya tam məhv olmuş sümük iliyinin yeni sümük iliyi hüceyrələri ilə əvəz edilməsidir.
    Orqan və toxumaların köçürülməsi donor və resipiyent arasında həyata keçirilən cərrahi əməliyyatdır. Donor orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyitdir. Resipiyent isə müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxsdir.
    Orqan transplantasiyası, yalnız tibbi göstəriş əsasında həyata keçirilir. Pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə (Mərkəz) müraciət etməlidir. Sənədlər təqdim edildikdən sonra Mərkəz tərəfindən vətəndaş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən müvafiq tibb müəssisələri”ndən birinə yönləndirilir. Qeyd edək ki, pasiyent tibbi xidməti icra edən tibb müəssisəsini və həkimi seçməkdə azaddır. Müvafiq tibb müəssisəsinə müraciət edən pasiyent həmin xəstəxanadakı Həkim Komissiyasının cərrah, kardioloq, psixoloq, nefroloq (böyrək üzrə), hematoloq (qaraciyər üzrə), reanimotoloq, anestezioloq və digər ixtisaslaşmış həkimləri tərəfindən müayinədən keçirilir. Müayinənin nəticələrinə əsasən rəy və protokol Mərkəzə təqdim edildikdən sonra xəstəliyin ağırlığına uyğun olaraq əməliyyat ya təcili, ya da növbəlilik prinsipi əsasında icra edilir.
    Canlı donorun həyatı üçün təhlükə yaratmamaq məqsədilə transplantasiya üçün cüt orqanlardan biri, tək orqanların isə bir hissəsi götürülür. Əməliyyatdan öncə həm donor, həm də resipiyent müvafiq müayinələrdən keçdikdən sonra əks göstəriş olmadığı təqdirdə eyni gündə əməliyyata cəlb olunurlar. Əməliyyatdan sonra donor və resipiyent stasionar şəkildə müalicə edilir. Bir müddətdən sonra isə hər iki tərəf həkim nəzarəti altında olmaqla ambulator müalicə üçün evə yazılır.
    Qeyd edək ki, xəstəliyin diaqnostikası, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri, qidalanma həm donor, həm resipiyent üçün icbari tibb sığorta tərəfindən qarşılanır. Habelə, transplantasiya üçün bir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
    Məlumat üçün bildirək ki, icbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR