Xəbər verdiyimiz kimi Bakı şəhərində ayaqqabı istehsalı ilə məşğul olan “Elmanado” MMC şirkəti Müdafiə Nazirliyinin keçirdiyi tenderdə iştirak edən rəqib şirkətin təqdim etdiyi sənədlərlə bağlı şübhəli məqamların olduğunu iddia edir. Azadmedua.az-a müraciət edən “Elmanado” MMC-nin təsisçisi Kərim Kərimov Nazirliyin təşkil etdiyi 3 satınalma müsabiqəsi üzrə (müxtəlif növ ayaqqabıların, qışlıq və yazlıq uzunboğaz botinkaların) təklif verdiklərini və 2 müsabiqə üzrə “Elmanado” MMC şirkətinin qiymət təklifinin digər müsabiqə iştirakçılarınına nisbətən aşağı və münasib olduğunu və 1 müsabiqə üzrə (qışlıq uzunboğaz botinkalar üzrə) 2-ci olduğunu bildirib.
“Lakin yuxarıda qeyd etdiyim 3 müsabiqə satınalınması üzrə 12.07.2024 tarixində yekun olaraq "ME.GA.AN" MMC ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulub. Həmin şirkət 3 müsabiqə üzrə bizim ümumi qiymət təklifimizin dəyərindən 911 974,80 manat artıq təklif edib. Aldığımız məlumata görə, həmin şirkət mənşə sertifikatı təqdim edib ki, bu da onların bizim qiymət təklifindən daha ucuz olduğunu göstərir. Rəhbərlik etdiyim şirkət isə şərtlər toplusunda məcburi təqdim ediləcək sənədlər arasında olmayan mənşə sertifikatını təqdim etmədiyi üçün bizi qalib saymayıblar. Bildirmək istəyirəm ki, qarşı tərəfin təqdim etdiyi sertifikat əsasında onlara 20 faiz güzəşt tətbiq edilməsi nəzərdə tutulur. Bizim mövcud təklifimizə əsasən isə büdcəyə 911 974,80 manat qənaət edilmiş olar və həmin vəsait tender iştirakçısına ayrılmamaqla büdcəyə xeyir verilmiş olar”.
Kərim Kərimov rəqib şirkətin təqdim etdiyi mənşə sertifikatı ilə bağlı da şübhəli halların olduğunu bildirib: "ME.GA.AN" MMC-yə əsaslı olaraq tətbiq olunan 20%-dək güzəşt və əldə etdiyi malların mənşəyi barədə rəylərdə qeyd edilmiş xammalların mənşə ölkələri və təqdim etdiyi kalkulyasiyanın satınalma təşkilatı tərəfindən tələb olunan mallara uyğun olduğu şübhə yaratdığı üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tam və dürüst şəkildə araşdırma aparmasını xahiş etmişik”.
Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır? Hansı nəticələr əldə edilib?
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirdilər ki, sözügedən məsələ ilə bağlı “Elmanado” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 20.07.2024-cü il tarixli müraciətinə (daxilolma qeydiyyatı: 24.07.2024-cü il tarixli, 3-21-1/1-19926/2024 nömrəli) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılaraq 30.07.2024-cü il tarixli 3-21-1/2-14141/2024 nömrəli məktubla cavab verilmişdir.
Həmçinin bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.1.24-cü maddəsinə əsasən, satınalma güzəşti dedikdə təkliflər qiymətləndirilərkən yerli mənşəli satınalma predmeti üzrə təqdim edilən təkliflərin xeyrinə idxal olunan eyni satınalma predmeti üzrə təklif olunan qiymətlərə bu Qanunun 33.14-cü maddəsində müəyyən edilmiş qaydada tətbiq edilən güzəştli düzəliş nəzərdə tutulur.
Qanunun 33.8-ci maddəsində qeyd edilir ki, bu Qanunun 33.13-cü maddəsinə əsasən, tətbiq edilən satınalma güzəşti nəzərə alınmaqla, aşağıdakı təklifi təqdim edən təchizatçı qalib təchizatçı sayılır:
33.8.1. kotirovka sorğusu metodu üzrə – tələblərə uyğun olan ən aşağı qiymət təklifini;
33.8.2. açıq tender, ikimərhələli tender və qapalı tender metodları üzrə – tələblərə uyğun olan ən aşağı qiymət təklifini və ya ən səmərəli təklifi.
Qanunun 33.13-cü maddəsinə əsasən, satınalma komissiyası təklifləri qiymətləndirərkən yerli mənşəli satınalma predmeti üzrə təklifin xeyrinə 20 faizə qədər həcmdə satınalma güzəşti tətbiq edir. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunur. Satınalma güzəşti qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.
Qanunun 33.14-cü maddəsinə əsasən, satınalma güzəştinin tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satınalma güzəştinin tətbiqi Qaydası”nın 2.1-ci bəndinə əsasən, malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Mərkəz) tərəfindən malın istehsalçısı olan təchizatçıya münasibətdə ona təqdim edilən malın mənşəyi barədə rəy və Xidmət tərəfindən verilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında, malın istehsalçısı olmayan təchizatçıya münasibətdə isə ona təqdim edilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında müəyyən edilir.
Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, malın mənşəyi barədə rəy və ya malın mənşə ölkəsini təsdiq edən sertifikat təqdim edilmiş mallara satınalan təşkilat tərəfindən 20 faiz güzəştli düzəliş tətbiq edilir.
Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, malın mənşəyi barədə rəy və malın mənşə ölkəsini təsdiq edən sertifikat satınalma güzəştinin tətbiqi məqsədilə təchizatçı üçün nəzərdə tutulan güzəşt (üstünlük) olduğundan həmin sənədlərin təqdim olunması barədə şərtlər toplusunda təchizatçı üçün məcburi öhdəlik müəyyən edilməsi qanunvericiliyin tələblərinə zidd hesab olunur. Bu baxımdan şərtlər toplusunda müvafiq sənədləri təqdim etmiş təchizatçıya münasibətdə satınalma güzəştinin tətbiq edilməsi barədə şərt nəzərdə tutulur.
“Elmanado” MMC tərəfindən hər üç satınalma üzrə satınalma güzəştinin tətbiqi üçün əsas hesab edilən malın mənşəyi barədə rəyin təkliflərin açılışından sonra təqdim olunduğu aşkar edilmişdir. Lakin müvafiq sənəd təkliflə birlikdə təkliflərin son təqdim olunma tarixinə kimi satınalan təşkilata təqdim edilməlidir.
Göstərilənlər eyni zamanda satınalma prosedurlarında qalib elan edilmiş təchizatçı tərəfindən malın mənşəyi barədə rəyin təkliflərlə birlikdə təkliflərin son təqdim olunma tarixinə kimi təqdim edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “əşya əmlaklarının (müxtəlif ayaqqabıların)”, “əşya əmlaklarının (qışlıq uzunboğaz botinkaların)” və “əşya əmlaklarının (yazlıq uzunboğaz botinkaların)” satın alınması məqsədilə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokollar Dövlət Xidmətinin müvafiq Qərarları ilə təsdiq edilmişdir.
Müraciətdə qeyd olunan “ME.GA.AN" MMC-yə malın mənşəyi barədə rəyin təqdim edilməsi məsələsi ilə bağlı bildiririk ki, malın istehsalı üçün istehsal sahəsinin, texniki təchizatının, işçi heyətinin mövcudluğunu təsdiq etmək məqsədilə yerində baxış keçirilmiş (yerində baxış aktı tərtib etməklə), müvafiq prosedur nəticələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarı ilə təsdiq olunmuş “Satınalma güzəştinin tətbiqi Qaydası”nın 2.3-cü bəndinin tələblərinə uyğun olduğu üçün malın mənşəyi barədə rəy verilmişdir.
Əlavə olaraq bidiririk ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən keçirilən satınalmalarda iştirak üçün “ME.GA.AN" MMC-nin malın mənşəyi barədə rəyin verilməsi üçün edilmiş birinci müraciəti (3 mal mövqeyi üçün və hər bir mal mövqeyinə ayrıca müraciət edilərək) 18.04.2024-cü ildə qeydiyyata alınmış, əlavə sənədlər tələb edilərək (01.05.2024-cü il tarixində yerində baxış keçirilməklə) 02.05.2024-cü il tarixində malın mənşəyi barədə rəy verilmişdir.