Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin təşkilatçılığı ilə baş tutan kibertəhlükəsizlik mövzusuna həsr olunmuş tədbirdə çıxış edərək bəzi mühüm məsələlərə diqqət çəkib.
O bildirib ki, Azərbaycan mediası təkcə beynəlxalq ictimaiyyətin deyil, eyni zamanda, ölkəmizdəki proseslərə müdaxilə etmək niyyəti güdən bədniyyətli qrupların da maraq dairəsindədir. Onun sözlərinə görə, bu dairələr mediaya təsir vasitəsi kimi yanaşırlar və onun vasitəsilə müəyyən məqsədlərə çatmağa çalışırlar.
Sektor müdirinin fikrincə, belə təlimlərin təşkili media qurumlarının mövcud nüfuzunu qorumaq və daha da möhkəmləndirmək baxımından əhəmiyyətlidir. O vurğulayıb ki, texnologiyaların sürətli inkişafı mediaya həm imkanlar, həm də risklər yaradır və buna qarşı müvafiq bilik və bacarıqlarla hazır olmaq vacibdir.
"İnformasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər media ekosistemindən kənarda deyil, onun tərkib hissəsi kimi bu sahəyə dəstək verməlidirlər", – deyə Elmir Vəlizadə əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.