AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Ailə Gününün sualı - Ailə institutuna dəstək hardan və necə gəlməlidir?

  • + A
  • - A
  • 15-05-2025, 11:16

    Beynəlxalq Ailə Gününün sualı - Ailə institutuna dəstək hardan və necə gəlməlidir?

    Elnurə Abuşova,
    Ailə və uşaqlara sosial dəstək İB-nin sədri


    Bu gün — 15 may, dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Ailə cəmiyyətin təməlidir, uşaqların formalaşdığı ilk və ən vacib məktəbdir. Bunu hamımız bilirik. Amma sual yaranır: Ailələrin rifahı, uşaqların sağlam böyüməsi və sosial dəstəklə əhatələnməsi üçün real olaraq kim çalışır? Təəssüf ki, bu suala verilən cavablar arzuladığımız qədər aydın və ümidverici deyil.

    Mən — Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin rəhbəri olaraq qeyd etmək istəyirəm ki, bu sahədə çalışan qeyri-hökumət təşkilatları, sosial fəallar və media ailə institutunu qorumaq, onun üzləşdiyi çağırışlara diqqət çəkmək üçün var gücü ilə çalışır. Lakin bu prosesdə dövlətin müvafiq qurumlarının, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ciddi suallar doğurur.

    Komitə illərdir mediadan və vətəndaş cəmiyyətindən kənar, öz informasiya vakuumunda fəaliyyət göstərir. İctimai birliklər və ekspertlərlə əməkdaşlıq zəifdir, təşəbbüslərin birgə icrası demək olar ki, müşahidə olunmur. Halbuki ailə siyasəti — çoxşaxəli, kompleks və mütərəqqi yanaşma tələb edən bir sahədir. Təkcə inzibati idarəetmə ilə burada real nəticə əldə etmək mümkün deyil.

    Komitənin üzərinə düşən əsas missiyalardan biri ailələrin sosial-iqtisadi və psixoloji rifahını yüksəltmək naminə proqramların hazırlanması və tətbiqidir. Amma mövcud proqramların həm hazırlanmasında, həm də icrasında ləngimələr müşahidə olunur. Çox vaxt bu sənədlər kağız üzərində qalır, praktiki təsiri zəif olur. Ailə institutuna dəstək verilməsi üçün ayrılan büdcə vəsaitinin hara və necə xərcləndiyini də özləri və mühasibləri bilir.

    Ailələrin real ehtiyacları ilə dövlətin verdiyi cavablar arasında ciddi disbalans var. Bir tərəfdən uşaq zorakılığı, erkən nikah, boşanma halları artır, digər tərəfdən isə Komitə bu problemlərlə bağlı cəmiyyətə yetərincə hesabat vermir, media və ictimaiyyətlə açıq dialoqdan yayınır. Ən azı, bu gün — Beynəlxalq Ailə Günündə Komitənin cəmiyyətə ünvanladığı real, effektiv mesajlar, təşəbbüslər görmək istərdik. Təəssüf ki, yenə də səssizlikdir.

    Bugünkü gündə ailələrin yanında olan vətəndaş cəmiyyəti, QHT-lər və sosial təşəbbüslər dövlətlə daha səmərəli əməkdaşlıq istəyir. Bizlər eyni məqsədə — sağlam, güclü, dəyərlərinə bağlı ailələrin qurulmasına xidmət edirik. Buna nail olmaq üçün isə təkcə “protokol tədbirləri” deyil, real işlər, açıq fəaliyyət, vətəndaş cəmiyyəti ilə sistemli tərəfdaşlıq lazımdır.

    Unutmayaq: Ailə bir günün yox, hər günün məsuliyyətidir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR