Bakı şəhərinin Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Room” adlı gecə klubu yaxınlıqda yaşayan sakinlərin narahatlığına səbəb olub. Ev 22 ünvanında yaşayan sakinlər iddia edirlər ki, klubun fəaliyyəti gecə saatlarında istirahət hüquqlarını pozur və gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirir.
Sakinlər bildirirlər ki, hər gecə səhərədək davam edən yüksək musiqi sədaları və klub ətrafında yaranan səs-küylü mühit onların yuxusuna və rahatlığına mane olur. İddialara görə, məsələ ilə bağlı dəfələrlə klub rəhbərliyi ilə əlaqə saxlanılsa da, heç bir nəticə əldə olunmayıb.
“Biz klubun rəhbərliyinə bir neçə dəfə müraciət etmişik, lakin səssiz qalırlar. Sanki arxalarında hansısa güclü şəxslər dayanır və bu səbəbdən vətəndaş narazılığına məhəl qoymurlar”, – deyə sakinlərdən biri qeyd edib.
Hüquq-mühafizə orqanları da xəbərdardı, çünki şikayətçilər
Yalnız klub rəhbərliyi ilə deyil, hüquq-mühafizə orqanları ilə də əlaqə saxlandığı bildirilir. Sakinlərin sözlərinə görə, 102 xidmətinə dəfələrlə zəng olunmasına baxmayaraq, problem hələ də həll edilməyib.
Xatırladaq ki, bu vəziyyət, ölkə Konstitusiyasında və qanunvericilik aktlarında açıq şəkildə əks olunan hüquqların pozulması kimi qiymətləndirilə bilər. Belə ki:
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən, “hər kəsin istirahət hüququ vardır”.
26-cı maddəyə görə, vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün qanuni üsullardan istifadə edə bilərlər.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 24:00-dan səhər 07:00-a qədər yaşayış məntəqələrində yüksək səslə musiqi səsləndirilməsi və digər səs-küylü fəaliyyətlər qanun pozuntusu hesab edilir və bu, fiziki və vəzifəli şəxslər üçün ciddi maliyyə cərimələri ilə nəticələnə bilər.
Sakinlər səlahiyyətli orqanlara səslənir.
Tərlan Əliyarbəyov küçəsində yaşayan vətəndaşlar artıq səbir kasalarının dolduğunu bildirərək aidiyyəti qurumlardan konkret tədbir görülməsini tələb edirlər.
“Biz hüquqi dövlətdə yaşayırıq. Əgər Konstitusiya və qanunlar bizim hüquqlarımızı qoruyursa, onda niyə real həyatda bu hüquqlar ayaqlar altına atılır?” – deyə digər bir sakin sual edir.
Məktubla Azadmedia.az-a müraciət edən vətəndaşlar ümid edirlər ki, dövlət orqanları məsələni nəzarətə götürəcək və gecə saatlarında insanların rahatlığını pozan bu cür halların qarşısı alınacaq.