AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA Yüksək Texnologiyalar Parkına şagirdlərin ekskursiyası təşkil olunub

  • + A
  • - A
  • 25-06-2021, 15:37


    Məlum olduğu kimi, ölkəmizdə elmə, təhsilə daim xüsusi diqqət göstərilir, bu sahələrin inkişafına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük önəm verilir.

    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulmuşdur. Strategiyaya müvafiq olaraq, ölkəmizdə istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. AMEA-nın da təşkilatçısı olduğu “Sabahın alimləri” layihəsi şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərən müsabiqələrdəndir. Layihə üzrə orta təhsil müəssisələrində fəaliyyət göstərən xüsusi qruplara Akademiyanın alimləri rəhbərlik edir.

    2022-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulan növbəti layihəyə hazırlıq məqsədilə Bakı şəhərində yerləşən 189-190 saylı tam orta məktəbin şagirdləri üçün AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiya təşkil edilib.

    Ekskursiya AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təşəbbüsü ilə baş tutub. Əsas məqsəd şagirdlərdə elmə, biliyə, yüksək texnologiyalara, o cümlədən bu kimi layihələrə marağın artırılmasıdır.

    Ekskursiya zamanı YT Parkın ərazisinə baxış keçirilib, şagirdlər burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olublar. Məktəblilər, həmçinin YT Parkın ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.

    Ekskursiyada gələcəyin tədqiqatçılarına texnoparkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən hazırlanan dronların uçuş imkanları nümayiş olunub, bu dronların strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

    Qeyd edək ki, ekskursiyada İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva və həmin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev də iştirak ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR