AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan alimləri Avropa Komissiyasının toplantısında iştirak ediblər

  • + A
  • - A
  • 27-07-2021, 12:19

    Azərbaycan alimləri Avropa Komissiyasının toplantısında iştirak ediblər

    Şərq Tərəfdaşlığı panelinin Tədqiqat və İnnovasiya üzrə İşçi Qrupunun növbəti qeyri-formal toplantısı keçirilib.
    Toplantının məqsədi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin tədqiqatçıları, elmi müəssisələri və dövlət qurumlarının nümayəndələri ilə Tədqiqat və İnnovasiya (Tİ) ekosisteminin inkişafı yollarının müzakirəsi olub.
    Tədbirdə Azərbaycanı AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalov, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Müalicə işləri üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyinin Akkreditasiya və Lisenziya şöbəsinin müdiri, Avropa Tədqiqatları Mərkəzi və COST üzrə milli əlaqələndirici İlham Hümbətov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Mari-Skladovskaya Küri proqramı üzrə milli əlaqələndirici, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov təmsil ediblər.
    Toplantıda ŞT ölkələrinin nümayəndələri Tədqiqat və İnnovasiya sahəsində mövcud problemlər haqqında söz açıb və onların aradan qaldırılması üzrə təkliflərini təqdim ediblər.
    E.Əlirzayeva son illərdə Azərbaycanda tədqiqat və innovasiya ekosisteminin inkişafı, təhsil-elm-istehsal üçbucağının gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və uğurlu islahatlar haqqında məlumat verib. O qeyd edib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və doktoranturaya qəbul zamanı ingilis dili biliklərinin tələb kimi qoyulması Azərbaycanda Tədqiqat və İnnovasiya sahəsində kadr potensialının gücləndirilməsi və beynəlxalq aləmə inteqrasiyasına əhəmiyyətli töhfə verir. E.Əlirzayeva beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində AMEA tərəfindən müxtəlif ölkələrin qabaqcıl təşkilatları ilə birlikdə həyata keçirilən ikitərəfli layihə müsabiqələrinin, gənc kadrların hazırlanması üzrə əməkdaşlığın və doktorantura səviyyəsində ikili diplom proqramının, AMEA-nın elmi müəssisələrində multidissiplinar xarakterli laboratoriyaların təşkilinin, həmçinin AMEA-nın Yüksək Texnologiyalar Parkının texnologiyaların transferi üzrə beynəlxalq layihələrə cəlb edilməsinin xüsusi yeri olduğunu iştirakçıların diqqətinə çatdırıb.
    Alim çıxışının sonunda azərbaycanlı iştirakçılar adından Tədqiqat və İnnovasiya ekosistemində daha böyük uğurların əldə edilməsi üçün təklifləri səsləndirib. Qeyd edilib ki, yerli elmi konsorsiumların və mükəmməllik mərkəzlərinin yaradılması, innovativ nəticəli elmi mövzuların seçilməsi məqsədilə dövlət və özəl sektorla əlaqələrin gücləndirilməsi, gənc mütəxəssislərin beynəlxalq əlaqələrə daha çox cəlb edilməsi, laboratoriyalar və unikal elmi avadanlıqlardan müştərək istifadənin təşviq edilməsi, hazırda prioritet sahə olan biotibb istiqamətində tədqiqatların genişləndirilməsi məqsədilə tibbi müəssisələrdə elmi araşdırmaların metodologiyası üzrə təlimlərin keçirilməsi, Avropa Birliyi və tərəfdaş ölkələr üçün fundamental mövzular və istiqamətlərin siyahısının hazırlanması və bu istiqamətdə tədqiqatlara diqqətin artırılması əhəmiyyətli nəticələr verə bilər.
    Tədbirdə, həmçinin Avropa Komissiyasının ekspertləri tərəfindən 2021-2027-ci illər üzrə Horizon Avropa proqramı çərçivəsində Genişləndirmə Fəaliyyəti və Avropa Tədqiqat Sahəsinin gücləndirilməsi, Mari-Skladovskaya Küri proqramı haqqında məlumat təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR