İlham Məmmədov
Millət Vəkili Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanması, Dövlət-Xalq-Ordu birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübuta yetirdi.
Yeni tarix yazan ölkəmizin işğaldan azad olunan ərazilərində dövlət başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsi yeni reallıqlar yaradıb. Həmin ərazilərdə nəqliyyat qovşaqlarının yaradılması və infrastruktur layihələrin həyata keçirilməsi dövlətimiz üçün prioritet təşkil edən məsələlərdən biridir. Bunlarla yanaşı müasir tələblərə cavab verən Füzuli rayon ərazisindəki beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu layihənin əhəmiyyəti də olduqca vacibdir. Çünki bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq. Həm də bu ərazilər gözəl təbiəti, qədim tarixi abidələri ilə zəngindir. Bundan başqa, Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin və qardaş Türkiyə dövlətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etməsi və ölkələrin rəhbərləri arasındakı səmimi dialoq həqiqətən ürəkaçandır. Bu Türkiyə-Azərbaycan qardaşlığının, sarsılmaz birliyinin növbəti göstəricisi idi. Eyni zamanda bu görüşdə Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olan qüdrətli iki dövlət-bir millət olmasının əbədiliyi yenidən dünyaya çatdırılmış mesaj oldu. Görüş çərçivəsində dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək. Ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə Qarabağ yenidən dirçəldilir, bütün işlər səmərəli və vaxtında icra olunur ki, bu da yaxın gələcəkdə soydaşlarımızın öz doğma dədə-baba yurdlarına qayıdacağından xəbər verir. Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.