AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xoşqədəm gedib Türkiyədən özünə bir az Doğuş alır..."

  • + A
  • - A
  • 13-11-2022, 12:14

    "Xoşqədəm gedib Türkiyədən özünə bir az Doğuş alır..."

    Medianın tanınmış siması, intellekti ilə seçilən Vüsal Məmmədov dlimizin zorlanmasından yazıb, daha doğrusu, həyacan təbili çalıb. Azadmedia.az Vüsal bəyin şəxsi facebook səhifəsində yazdığı fikirləri təqdim edir:

    Türkiyə türkcəsindən dilimizə təkcə kəlmələr yox, qrammatik qaydalar da dürtülməyə başlayır ki, bu, xüsusilə anormaldır. Lap tutaq ki, bəziləri yeni kəlmələrin işlədilməsinə "dilimiz zənginləşir" bəhanəsilə haqq qazandırmağa çalışırlar (hərçənd, mən bununla razı deyiləm - öz dilindəki mövcud kəlməni bilmədiyin üçün başqa ləhcədə olanı mənimsəmək inkişaf yox, savadsızlıqdır), yaxşı, bəs qrammatikanı şikəst eləmək nə deməkdir? Məsələn, "sənə nifrət edirəm" əvəzinə "səndən nifrət edirəm" demək dilin inkişafıdırmı?
    Qətiyyən yox, çünki bizim dildəki variant daha məntiqlidir: yönlük hal nifrətin yönünü (istiqamətini) göstərir: Sənə nifrət edirəm, nifrətimin obyekti sənsən!
    Bu, inkişaf deyil. Eynilə, dilimizdə olan söz, ifadə və ibarələri Türkiyə analoqları ilə əvəzləmək də həmçinin; məsələn, "hoqqa çıxarmaq" əvəzinə "hoqqa vermək" demək dilin inkişafı deyil, danışanın debilliyidir!
    "Tutaq ki", "tutalım" ifadələrini cümlə konstruksiyasında işlədə bilmədiyin üçün "atıram" demək dilin inkişafı deyil, mütaliəsizlik sindromudur! Tutdunuz?!
    Məni ağrıdan bilirsinizmi, nədir? Azərbaycanın ədəbi dili gözəldir, məntiqlidir. Onun indiki vəziyyətə gəlməsi üçün minlərlə beyin düşünüb, minlərlə dil danışıb, minlərlə qələm yazıb. Amma günlərin birində məsələn, atıram, şərti Xoşqədəm gedib Türkiyədən özünə bir az Doğuş alır. Əcəb edir, amma cütlüyün dil münasibətləri ikisinin arasında qalmalıdır, ortadan kənara çıxmalı deyil. Azərbaycan dili Xoşunun özünə Doğuş almasına qurban getməməlidir. Di gəl ki, heyhat, aparıcının danışığı efir vasitəsilə minlərlə insanın dilinə sirayət edir. Və hamı başlayır "atmağa", "hoqqa verməyə"…
    Digər tərəfdən seriallar, mahnllar, Türkiyədən gələn kitablar… Öz dilimizdə təmiz yazan müəlliflərimizi heç kim oxumur, təmiz, peşəkar danışan aparıcılarımıza heç kim baxmır. Nəticədə mən artıq ictimai yerlərdə eşitdiyim şil-küt azərbaycancadan iyrənməyə başlayıram. Halbuki, bu dil 6-7 yaşlarımdan - oxumağı öyrəndiyim vaxtdan əsas və ən böyük sevgilərimdən biridir. Onun zorlanmasına heç vaxt sakit yanaşmayacağam.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR