AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məktəblinin dostu", bəs direktorların? - MÜSAHİBƏ -Fotolar

  • + A
  • - A
  • 17-11-2022, 12:00

    "Məktəblinin dostu", bəs direktorların? - MÜSAHİBƏ -Fotolar

    Məktəblinin dostu. Son zamanlar tez-tez eşidirik bu kəlməni. İstər sosial şəbəkələrdə, istərsə də müxtəlif görüşlərdə söz düşəndə şahidi olmuşam ki, onlara münasibət birmənalı deyil. Niyə? Məhz niyə? sualının cavabını “Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova ilə tapmağa çalışacağıq.

    - Məktəblinin dostu kimdir? Hansı zərurətdən yarandı?
    - Yaşı 21-30 aralığında, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər “Məktəblinin dostu” layihəsinin əməkdaşı ola bilərlər. Təbii ki, şərtlər təkcə bunlar deyil, layihəyə qəbul qaydaları mövcuddur.
    Məktəblinin dostlarına məktəblərdə ehtiyacın olması zərurətindən danışsaq, onlar təhsil müəssisələrində şagirdlərin həyat və sağlamlığı üçün daha təhlükəsiz mühitin yaradılmasını təmin edən, şagirdlər arasında baş verən münaqişələrin qarşısını alan, fövqəladə vəziyyət yarandıqda ilkin yardım göstərən şəxslərdir.

    - Hansı səlahiyyətləri var?

    - “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Məktəblinin dostları hər gün səhər saat 7.30-dan iş başındadırlar. Şagirdləri qarşılama və yolasalma prosesində iştirak edirlər. Məktəblinin dostarı şagirdlərin həyatında fəal iştirak edərək onları ruhlandırır, məktəblilər arasında ahəngdar ab-hava yaradaraq şagirdlərin istedadlarının aşkarlanmasında yardımçı olurlar. Onlar, həmçinin məktəblilərin asudə zamanlarının maraqlı təşkili üçün müxtəlif tədbirlər həyata keçirirlər, bu da onların həm fiziki, həm də mənəvi-psixoloji inkişafına yardımçı olur.

    - Nə üçün direktorlar tərəfindən sevilmirlər, amma şagirdlərin rəğbəti var?
    - Cəmiyyətdə fərqli fikirlərin olması təbiidir. Direktorların bizə qarşı münasibətində isə biz hər zaman müsbət yanaşma görmüşük. Hətta bizə dəfələrlə direktorlar tərəfindən müraciət olunub ki, bu layihə onların məktəbində də təşkil olunsun. Direktorlar bizi özlərinə həmkar bilirlər. Məktəblinin dostları ilə sıx əməkdaşlıq edirlər, birgə layihələrin həyata keçirilməsində təşəbbüs göstərirlər. Bu əməkdaşlıq həm də məktəblilərin inkişafına, onların məktəbdaxili nizam-intizamına müsbət təsir göstərir. Hazırda deyə bilərik ki, “Məktəblinin dostu” layihəsi özünü doğrultmuş layihədir. Layihə tərəfindən mütəmadi olaraq məktəblərdə təlimlər, tədbirlər təşkil edirik. Direktorlar da bizə bu tədbirlərin təşkilində daim dəstək olurlar.

    - Hansı səlahiyyətləriniz olsa, yaxşı olar?

    - “Məktəblinin dostu” layihəsinin konkret vəzifələri var. Biz artıq bunlar haqqında danışdıq. Bu layihə bir çox ölkələrin ümumi təhsil müəssisələrində tətbiq olunur. Demək olar ki, bu layihələrin mahiyyəti və istiqaməti oxşardır. Vurğulayım ki, məktəblinin dostlarının səlahiyyətləri hər hansı müəllim, yaxud məktəb heyətinin səlahiyyətlərini əvəz edə bilməz. Onların fəaliyyəti və vəzifələri çərçivəsində gördüyü işlər məhz hazırda məktəblərimizdə vacib hesab edilən məsələlərin həlli üçün dəstək xarakteri daşıyır.

    -Ən çox qarşılaşdığınız hal?
    - Əvvəlcə onu qeyd edim ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində seçilmiş namizədlərə Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadəsi, eləcə də təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi, psixoloqlar tərəfindən isə psixoloji dəstək göstərilməsi ilə bağlı təlim keçirilib. Məhz bu təlimlərin nəticəsində bacarıqları yüksək qiymətləndirilən namizədlər artıq işə qəbul olunur.
    Bildiyiniz kimi, məktəb mühiti fərqlidir, onlar həm bu mühitə, həm məktəb heyətinə, həm şagirdlərə yanaşmalarında uyğun münasibət göstərmək bacarığına yiyələnirlər. Ən çox qarşılaşdığımız məqamlar isə uşaqların məktəbə adaptasiyası ilə bağlı olur. Bununla yanaşı, kommunikasiya problemi olan məktəblilərə də rast gəlinir. Eyni zamanda, məktəblinin dostları tərəfindən ehtiyac yarandığı təqdirdə şagirdlərə, məktəb heyətinə ilkin tibbi yardım göstərilir.
    Yaş mərhələsindən asılı olaraq, uşaqların ünsiyyət təlabatları olur və bu təlabat ödənilmədiyi halda uşaqlarda kommunikasiya bacarığı zəifləyir, yeniyetmələrdə özünə qapanma ola bilir. Bununla yanaşı, davranış problemi - aqressiya, özünə qapanma, sosial şəbəkələrdən asılılıq kimi problemləri də məktəblinin dostları aşkarlaya bilir və onların həllinə çalışır. Bu dəstək həm məktəbdə həyata keçirilir, həm də “Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinə yönləndirilir.
    Məqsəd müxtəlif yaş qruplarında olan şagirdlərə, onların valideynlərinə, həmçinin müəllimlərə ehtiyac olduğu təqdirdə psixoloji dəstəyin verilməsidir. İlk olaraq şagirdləri müşahidə etdikdən sonra problem aşkarlanır və problemə uyğun şagirdlərlə individual psixoloji konsultasiya keçirilir, qrup işləri təşkil olunur. Bu qrup işlərində şagirdin probleminə uyğun tapşırıqlar yerinə yetirilir. Qrup işlərində məktəblilərdə yaranan sosiallaşma və davranış problemləri də aradan qaldırılır. Lazım olarsa, valideynlərlə və müəllimlərlə görüşülür, tövsiyələr verilir. Onlarla profilaktik və maarifləndirici seminarlar keçirilir. Birinci növbədə valideyn uşağın dərsləri ilə yaxından maraqlanmalıdır. Övladı ilə yaxın dost münasibəti qurmalıdır ki, şagird çətinliklərini və problemlərini valideyni ilə paylaşa bilsin. Valideyn daim məktəb və müəllim ilə ünsiyyətdə olmalıdır. Belə olduğu təqdirdə yaranan bütün çətinliklər aradan qalxır. Valideyn və müəllimin birgə əmakdaşlığı uşağın məktəbdəki uğurlarına və inkişafına müsbət təsir göstərir.
    Söhbətləşdi: Elnurə Abuşova







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR