Luiss Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti çərçivəsində 22-27 yanvar tarixlərində ADA Universitetində olub. Heyətə Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Raffaele Marketti rəhbərlik edib. Luiss Universiteti İtaliya-Azərbaycan Universitetinin İtaliya tərəfdən aparıcı universitetidir.
Səfər boyunca ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi ilə Luiss universiteti ilə əməkdaşlığın çərçivəsi, İtaliya-Azərbaycan Universitetində sənaye, biznes və tənzimləyici qurumlarla əlaqəli şəkildə təhsilin təşkili və “Made in Azerbaijan” (Azərbaycan brendinin təşviqi) keyfiyyət nişanın idarə edilməsi və təşviqinin tədrisi üçün “Made in Italy” keyfiyyət nişanının təcrübəsindən yararlanmağın yolları müzakirə edilmişdir.
Nümayəndə heyəti ilə Iqtisadiyyat naziri Mikayıl Cabbarov və nazir müavini Səməd Bəşirli arasında yüksək səviyyəli müzakirələr aparılıb. İtalyan qonaqlar ölkədə həyat tərzini, yerli mədəniyyətin unikallığını, eləcə də sənətkarlıq, qida və turizm sahələrində brendləşmə potensialını daha yaxşı anlamaq üçün Bakıdan kənar bölgələrə səfər edərək AzPromo, KOBİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (İşəgötürənlər) yüksək səlahiyyətli şəxsləri ilə dəyirmi masada iştirak ediblər.
Nümayəndə heyəti həmçinin İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə görüşüb, əməkdaşlıq çərçivəsində gələcək perspektivləri müzakirə edib.
Yanvarın 25-də ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin iki magistr ixtisasının təqdimat mərasimi baş tutub. Qlobal idarəetmə və siyasət ixtisası Luiss Universiteti ilə, Qida sistemi üzrə menecment ixtisası isə Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində təklif olunub.
İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupun rəhbəri Qalib Məmməd bildirib ki, Luiss Universiteti ilə əməkdaşlıq iqtisadiyyatın dayağı olan kiçik və orta biznesin, milli-mədəni dəyərlər üzərində qurulan sahibkarlıq fəaliyyətinin genişlənməsi və brend idarəçiliyi üzrə səriştəli menecerlərin yetişdirilməsinə imkan verəcək.
Luiss Universitetinin prorektoru Raffaele Marketti vurğulayıb ki, Qlobal idarəetmə və siyasət ixtisası qlobal siyasəti, yerli mədəni-sosial konteksti və menecmenti birlikdə tədris etməyi nəzərdə tutan çoxşaxəli (ixtisaslararası) proqramdır. Bu proqramın digər mühüm cəhəti isə onun rəqabətədavamlı “Made in Azerbaijan” (Azərbaycan brendinin təşviqi) keyfiyyət nişanınn formalaşması, idarə edilməsi və təşviqinin tədrisdir və bu məqsədlə “Made in Italy” təcrübəsindən ("nou-hau") istifadə olunacaq.
Xatırladaq ki, Luiss Universitetinin səfəri Turin Politexnik Universitetinin bir ay əvvəlki səfərindən sonra baş tutub. Luiss Universitetinin səfərdə olduğu həftə İtaliya-Azərbaycan Universitetinin digər tərəfdaşı olan Milan Politexnik Universitetinin nümayəndə heyəti də ADA Universitetində olub. Milan Politexnik Universitetinin səfərinin məqsədi İtaliya-Azərbaycan Universiteti çərçivəsində Memarlıq və dizayn fakültəsinin təsisi ilə bağlı 2022-ci ilin may ayından etibarən apardığı ilkin tədqiqatın nəticələrini təqdim etmək olub.