Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kənd ərazisində yerləşən müsəlman qəbiristanlığındakı XVI əsrə aid edilən bir qoç heykəlli məzar daşının üzərində ərəb dilində aşağıdakı sözlər yazılmışdır:
الله محمد علي
اولاد اوغوا[ن]
"Allah, Məhəmməd, Əli.
Auləd-i Auğva[n]".
Məzarın üzərində Allah ləfzi, Məhmməd peyğəmbərin və İmam Əlinin adları qeyd edilmiş, daha sonra - "övlad-i Auğva[n]" - yəni, "Auğva[n] övladları" ifadəsi həkk olunmuşdur.
İlk əvvəl, qeyd edim ki, məzarın üzərində yazılmış "Auğvan" (اوغوان) sözünün sonunda "nun" (ن) hərfi həkkak tərəfindən, ya səhvən yazılmamış, ya da uzun zaman kəsiyində eroziya uğrayaraq pozulmuşdur.
Auğvan və yaxud Ağvan tarixən Zəngəzur qəzasına, sovet dövründə isə Qafan rayonuna təhkim edilmiş bir kənddir. Bəzi tədqiqatçılara görə Ağvan, alban etnoniminin alban dilində ekvivalentidir. Yəni, alban etnonimi ağvan, auğvan sözü əsasında təşəkkül tapmışdır.
XV əsrə və bundan daha qadim dövrlərə aid maddi-mədəniyyət abidələri bir daha sübut edir ki, bu ərazilər, bu regionun avtoxton və aborigen xalqı, VII əsrdə İslam dinini qəbul etmiş azərbaycanlılara məxsusdur.
Bu abidələr vasitəsi ilə Azərbaycan xalqının tarixi kökləri, dini və milli mənsubiyyəti, o cümlədən təşəkkül tarixi haqqında ətraflı məlumatlar əldə edə bilərik. Bu cür abidələrin qorunması, tədqiq edilməsi və dünya ictimaiyyətinə çatdırılması olduqca vacib və əhəmiyyətli məsələlərdən biridir.
Son illərin qərarları, tarix və mədəniyyət abidələrinin qorunması və istifadə olunması barədə müvafiq dövlət qanunları və həyata keçirilmiş bir sıra başqa dövlət tədbirləri bu qayğının ilbəil artdığını göstərir.
Təəssüf ki, tarixi abidələrin böyük əhəmiyyətə malik olması məsələsi bəzi səlahiyyətli təşkilat rəhbərləri tərəfindən unudulur, onların bərpası, qorunması, istifadə olunması diqqətdən kənarda qalır...
Sonda sözlərimi Səməd Vurğunun bir şeiri ilə yekunlaşdırıram:
"O daşı
qoru qardaş! -
Södürmə qoru,
qardaş!
Qorumasan, babamın
Odu tutar
goru, qardaş!"
Elnur Mustafayev