Fransada məhkəmə ilk dəfə kosmik radiasiyanı stüardessanın döş xərçəngi risklərindən biri kimi tanıyıb

Fransada məhkəmə ilk dəfə kosmik radiasiyanın keçmiş stüardessada döş xərçənginin inkişafına təsir göstərə biləcək amillərdən biri olduğunu qəbul edib. Bu qərar gələcəkdə digər pilot və kabin heyəti üzvlərinin də oxşar tələblərlə çıxış etməsinə yol aça bilər.
59 yaşlı Sofi Leno keçmiş stüardessa və Air France şirkətinin baş kabin bələdçisi olub. O, xəstəliyinin peşə xəstəliyi kimi tanınmasını tələb edib. Leno 1989–2019-cu illərdə aviaşirkətdə çalışıb və bu müddət ərzində təxminən 12,6 min saat uçuş keçirib. Onun uçuş saatlarının yarıdan çoxu gecə vaxtına düşüb.
Fransanın cənub-qərbində yerləşən Bayonn şəhərinin məhkəməsi onun iş şəraitində xərçəng riskini artıra biləcək üç amilin olduğunu bildirib: kosmik radiasiya, passiv siqaret tüstüsünə məruz qalma və uzunmüddətli gecə işi. “Air France” təyyarələrində siqaret çəkməyə 2000-ci ilə qədər icazə verilirdi.
Məhkəmənin fikrincə, xüsusilə uzunmüddətli və yüksək hündürlükdə həyata keçirilən uçuşlar zamanı kosmik radiasiyanın təsiri əhəmiyyətli ola bilər. Belə uçuşlarda ekipaj üzvləri daha yüksək radiasiya dozası alırlar. Şimal qütbünə yaxın marşrutlarda isə təsir daha güclü ola bilər. Bunun səbəbi Yer kürəsinin maqnit sahəsinin kosmik hissəciklərdən qorunmanı müxtəlif bölgələrdə fərqli səviyyədə təmin etməsidir.
Məhkəmənin qərarı Leno-ya vaxtından əvvəl pensiyaya çıxmağa və gələcək xərçəng müalicəsinin Fransa səhiyyə sistemi tərəfindən tam ödənilməsinə imkan verəcək.
Onun vəkili Elizabet Lerunun sözlərinə görə, bu, Fransada məhz kabin heyəti üzvündə döş xərçəngi ilə peşə riskləri arasında əlaqənin tanındığı ilk məhkəmə qərarıdır.
Sofi Leno qərarın digər qadınlara da kömək etməsini arzuladığını bildirib.
Avqust ayında dərc edilən Harvard Tibb Məktəbinin araşdırmasında 500-dən çox peşə qrupu araşdırılıb. Nəticələrə görə, radiasiya ilə əlaqəli onkoloji xəstəliklərdən ölüm hallarının payı pilotlar və stüardessalar arasında ən yüksək göstəricilərdən biri olub. Bu cür xəstəliklər kabin heyəti üzvlərinin ölüm hallarının 6,9 faizini, pilotların ölüm hallarının isə 6,7 faizini təşkil edib.
Bununla belə, mütəxəssislər konkret bir insanda xərçəngin məhz kosmik radiasiya nəticəsində yarandığını müəyyənləşdirməyin olduqca çətin olduğunu vurğulayırlar.
Portsmut Universitetinin ekoloji elmlər professoru Cim Smit qeyd edib ki, mövcud radiasiya təhlükəsizliyi qaydaları hətta kiçik dozaların belə xərçəng riskini müəyyən qədər artıra biləcəyi ehtimalına əsaslanır. Bununla belə, aşağı səviyyəli təsir zamanı bu riskin nisbətən kiçik olduğu bildirilir.
Air France isə məhkəmə prosesində iştirak etmədiyini və hələlik qərarın əsaslandırılması ilə tanış olmadığını açıqlayıb. Şirkət əməkdaşlarının sağlamlığı və təhlükəsizliyinin onun üçün “mütləq prioritet” olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.