AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arxeoloqlar Ponti Pilatın adı yazılmış üzüyün sirrini açdılar

  • + A
  • - A
  • Dünən, 22:00

    Arxeoloqlar Ponti Pilatın adı yazılmış üzüyün sirrini açdılar


    Arxeoloqlar üzərində Roma imperiyasının Yəhudiyyə prefekti Ponti Pilatın adı yazılmış mis üzüyün sirrinə aydınlıq gətiriblər.

    Üzük 1968–1969-cu illərdə Qüdsdən təxminən 13 kilometr cənub-şərqdə yerləşən Herodion saray-qalasının ərazisində aparılan qazıntılar zamanı aşkarlanıb. Lakin üzük uzun müddət arxeoloji materialların saxlanıldığı anbarda qalıb. Yalnız 2018-ci ildə əşya diqqətlə təmizlənib və üzərindəki yazının detalları üzə çıxarılıb.

    Araşdırmanın nəticələri Palestine Exploration Quarterly jurnalında dərc olunub.

    Alimlərin fikrincə, üzük böyük ehtimalla Ponti Pilatın özünə məxsus olmayıb. Onun üzərində şərabın su ilə qarışdırılması üçün istifadə edilən qab — kaliks-krater təsvir olunub. Təsvirin hər iki tərəfində yunan hərfləri ilə ΠΙΛΑΤΟ (PILATO) yazısı həkk edilib.

    Məhz bu yazı uzun müddət tədqiqatçıların diqqətini çəkib. Üzüyün hazırlanma keyfiyyətinin aşağı olması onun Yəhudiyyə prefekti kimi yüksək vəzifəli şəxsin taxacağı bahalı zinət əşyası olması ehtimalını zəiflədib. Bundan başqa, Ponti Pilatın adı latın dilində deyil, yunan hərfləri ilə və qeyri-adi formada yazılıb.

    Əvvəllər bəzi tədqiqatçılar üzüyün birbaşa Pilata və ya onun yüksək rütbəli məmurlarından birinə aid ola biləcəyini düşünürdülər. Lakin Kaliforniya Universitetinin Los-Anceles kampusunun qədim yəhudilik üzrə professoru Ketrin Boneşo fərqli versiya irəli sürüb.

    Onun fikrincə, ΠΙΛΑΤΟ latınca PILATO formasının yunan hərfləri ilə yazılmış variantıdır. Roma dövründə Yəhudiyyədə yunan dili latın dilindən daha geniş istifadə olunduğu üçün belə yazılış formaları geniş yayılmışdı.

    Boneşo hesab edir ki, üzük Pilatın administrasiyası ilə əlaqəli işlərdə çalışan yerli sakinə, ehtimal ki, qula və ya keçmiş qula məxsus olub. Üzükdən sandıqlar, qablar və ya digər əşyalar üzərində xüsusi nişan qoymaq üçün istifadə edilə bilərdi. Bu nişan əşyanın prefektin administrasiyasına aid olduğunu göstərirdi.

    Beləliklə, “PILATO” yazısı “Pilata məxsusdur” mənasını verməyə də bilərdi. Bu, daha çox Roma administrasiyası ilə əlaqəli əşyaların müəyyənləşdirilməsi üçün istifadə olunan xidməti möhür rolunu oynaya bilərdi.

    Tədqiqatçılar hesab edirlər ki, tapıntı Roma hakimiyyətinin Yəhudiyyədə gündəlik fəaliyyətini və imperiya administrasiyasının yerli əhali ilə münasibətlərini daha yaxşı anlamağa imkan verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR