Zəfərimizin mənbəyi birlik, zəka, vətənpərvərlik və dövlətçilik iradəsidir

Akademik İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru
Qürurla Zəfər Gününü qeyd edirik. Beş il öncə - Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
8 Noyabr – Zəfər Günü xalqımızın tarixində qürur, şərəf və milli dirçəliş səhifəsidir. Bu gün Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini, ordumuzun qəhrəmanlığını və Prezident İlham Əliyevin müdrik rəhbərliyini təcəssüm etdirir.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan torpaqlarının işğalına son qoydu.
Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir.
Dövlət başçısının siyasi iradəsi, ordumuzun peşəkarlığı və xalqın bir yumruq kimi birləşməsi nəticəsində tariximizin ən şanlı səhifəsi yazıldı. Bu Qələbə həm də dövlət idarəçiliyinin elmi əsaslara, strateji düşüncə və milli həmrəyliyə söykənməsinin bariz göstəricisidir.
Zəfərin arxasında illərlə düşünülmüş və ardıcıl həyata keçirilən böyük dövlətçilik konsepsiyası dayanırdı. Bu konsepsiyanın müəllifi Ümummilli Lider Heydər Əliyev idi. O, müstəqil dövlətçiliyin ideoloji və hüquqi bünövrəsini yaratdı. Prezident İlham Əliyev isə bu siyasi kursu yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək onu real nəticələrlə möhkəmləndirdi.
Zəfər Günü yalnız hərbi-siyasi hadisə deyil, həm də milli zəkamızın və intellektual potensialımızın təntənəsidir. Məhz bu potensialın hesabınadır ki, bu gün azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri geniş vüsət alıb, elm, təhsil və mədəniyyət ocaqları bərpa olunur. Qarabağda, Zəngəzurda ucalan məktəblər, universitet filialları, laboratoriyalar və mədəniyyət mərkəzləri qələbəmizin davamı, onun elmi-mənəvi ifadəsidir.
Bu qələbə həm də Azərbaycan ziyalısının qələbəsidir. Çünki elmin, təhsilin və milli şüurun gücləndirilməsi olmadan cəmiyyətin ruhu, dövlətin dayağı möhkəm ola bilməzdi. Gənclərimizin vətənpərvər ruhda yetişdirilməsi, dövlətə və torpağa sədaqət hissinin formalaşması bu gün əldə etdiyimiz Zəfərin mənəvi təməlini təşkil edir.
Prezident İlham Əliyevin Zəfər paradında söylədiyi “Biz bu torpaqlara bir daha qayıtmışıq və əbədi burada qalacağıq!” fikri yalnız hərbi ifadə deyil, həm də milli iradənin elmi, mədəni və mənəvi manifestidir.
Bu gün Zəfər Günü bizə həm qürur, həm də məsuliyyət verir. Bu məsuliyyət – azad edilmiş torpaqlarımızda elmi, təhsili və mədəniyyəti inkişaf etdirmək, bu əraziləri Azərbaycan zəkasının, bilik və yaradıcı gücünün mərkəzinə çevirməkdir.
Azərbaycan xalqı sübut etdi ki, yalnız silahla deyil, qan tökülmədən, peşəkar diplomatiya ilə, zəka ilə də qalib gəlmək mümkündür.
Zəfər Günü — məhz bu milli zəkamızın, milli birliyimizin və dövlətçilik iradəmizin təntənəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.