Jurnalistin Fadil Paşayev sosial şəbəkədə yayımladığı məlumatda qızına aid elektron sağlamlıq sistemində son dərəcə təhlükəli və nadir xəstəlik olan “Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun yerləşdirildiyini iddia edib. O, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətini və Baş Prokurorluğu hüquqi qiymət verməyə çağırır.
Şikayətçinin bildirdiyinə görə, qızının işə qəbul üçün aldığı sağlamlıq arayışı ilə bağlı hər şey qaydasında görünsə də, bir müddət sonra TƏBİB-in elektron bazasında onun adına “Yakob xəstəliyi” diaqnozu daxil edildiyi təsadüf nəticəsində üzə çıxıb. Fadil Paşayev qeyd edir ki, bu xəstəlik dünyada ən nadir təsadüf olunan və yalnız ölü şəxsdən götürülən beyin toxumasının müayinəsi ilə müəyyən edilən diaqnozdur.
“Azərbaycanda belə bir xəstəlik qeydə alınarsa, ÜST qarşısında fövqəladə vəziyyət elan etmək öhdəliyi yaranır”
Paşayev bildirir ki, apardığı araşdırmalar nəticəsində ölkədə belə bir xəstəliyin rəsmi formada qeydiyyata düşməsinin beynəlxalq öhdəliklər baxımından ciddi nəticələri ola biləcəyini öyrənib:
“Axırıncı dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb. İngiltərə o dövrdə xəstəlik təhlükəsinə görə cütdırnaqlı heyvanların böyük hissəsini məhv etməyə məcbur olmuşdu. Dövlətə milyardlarla funt-sterlinq ziyan dəymişdi”.
Onun sözlərinə görə, belə bir diaqnozun ölkədə açıq sistemə yerləşdirilməsi Azərbaycan üçün də beynəlxalq xəbərdarlıq və fövqəladə tədbirlər mexanizmlərinin işə düşməsi anlamına gələ bilər.
“İki aydır məsələ həll olunmur” – vətəndaş qurumların laqeydliyindən gileylənir
Fadil Paşayev deyir ki, məsələ barədə təqribən iki ay əvvəl TƏBİB-in nümayəndəsi Zamira Adilova ilə əlaqə saxlanılıb. O iddia edir ki, qurum rəsmisi bunu TƏBİB-in deyil, Səhiyyə Nazirliyinin “səhvi” kimi təqdim edib.
Daha sonra məsələnin Sumqayıt TƏBİB-inə, xüsusilə Ramil Yaqub Zeynallıya bildirildiyi, səhvin qısa zamanda aradan qaldırılacağı vəd olunsa da, problem hələ də həll edilməyib.
“Bu mövzunu yazarkən belə əllərim əsir. Ölkə vətəndaşına, eləcə də dövlətin maraqlarına bu qədər laqeydlik göstərilməsi insanı dərin səviyyədə narahat edir”, – şikayətçi qeyd edir.
O, həm qızının keçirdiyi psixoloji travmanı, həm də rəsmi qurumların məsuliyyətsiz yanaşmasını xüsusi vurğulayır.
“Həyəcan siqnalı çalıram” – məsuliyyət tələb olunur deyən Paşayev məsələ ilə bağlı bütün aidiyyəti qurumlara çağırış edərək yazır:
“Xahiş edirəm, bir vətəndaş kimi təkid edirəm ki, bu kimi özbaşınalıqlar, texniki səhv adı altında mümkün cinayət tərkibli hallar araşdırılsın! Lazım gəlsə, məsələni ali rəhbərliyə qədər təqdim edəcəyəm”.
O, bu hadisənin sadəcə texniki yanlışlıq kimi deyil, həm də vətəndaşların şəxsi məlumat təhlükəsizliyinə, səhiyyə sisteminə olan inama zərbə kimi qiymətləndirilməli olduğunu vurğulayır.
Fadil Paşayev məsələnin yalnız status paylaşmaqla bitməyəcəyini, hüquqi müstəvidə ədalətin təmin olunması üçün mübarizəni davam etdirəcəyini bildirir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in mövqeyini öyrənməyə çalışacağıq.